Accessibility links

Hüquq müdafiəçisi İntiqam Əliyevin işində zərərçəkənlər ifadə verir (Yenilənib)


 İntiqam Əliyev
İntiqam Əliyev

Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) rəhbəri İntiqam Əliyevin işi üzrə prosesdə günün ikinci yarısında zərərçəkmişlərin ifadələri dinlənilib.

Vəkillər əvvəlcə HMC-nin keçmiş baş mühasibi Gülşən Orucovaya suallarını davam etdiriblər.

İntiqam Əliyevin ölkədə olmadığı zaman belə banklara onun imzası ilə ödəniş tapşırıqlarının göndərilməsini G.Orucova cari ay və ya rüb ərzində layihələrin başa çatması və buna görə nəzərdə tutulmuş tədbirlərin təxirə salınmasının mümkün olmaması ilə izah edib.

Bu məqsədlə, Orucovanın sözlərinə görə, o, əvvəlcədən ödəniş tapşırıqları tərtib edirdi və İntiqam Əliyev səfərdən əvvəl onları imzalayırdı.

Bununla əlaqədar olaraq, vəkil Şəhla Hümbətova 2011-ci il mayın 12-də, yəni ayın ortasında, Əliyev xaricdə olarkən və ertəsi gün qayıtmalı olduğu bir vaxtda ödəniş tapşırığının tələsik tərtib edilməsinin səbəbi ilə maraqlanıb.

Lakin G.Orucova konkret olaraq hansı layihədən söhbət getdiyini xatırlamadığını və izahat verə bilməyəcəyini deyib.

Bununla əlaqədar olaraq hakim Rasim Sadıxov müdafiə tərəfə layihənin adını söyləməyi təklif edib. Buna cavabda İntiqam Əliyev HMC-nin ofisində axtarış zamanı maliyyə sənədlərinin götürüldüyünü və hələ də qaytarılmadığını xatırlatmaq məcburiyyətində qalıb.

Öz növbəsində, dövlət ittihamçısı mühasibin maliyyə hesabatlarını donorlara və İntiqam Əliyevə elektron poçtla göndərdiyini və buna görə maliyyə sənədlərinə baxmağa ehtiyac olmadığını qeyd edib.

Hakim isə Əliyevə üz tutaraq deyib: “Siz buradasınız. Amma internet azaddır”.

Lakin hakim Əliyevin öz poçtuna baxmaq üçün ona kompüter verilməsi təklifinə məhəl qoymayıb.

G.Orucova yenidən ziddiyyətli ifadələr verməyə başlayıb.

O, bir müddət əvvəl bacısının hesabından çıxarıb təqsirləndirilən şəxsə verdiyi vəsaitlərin uçotunu xüsusi dəftərdə apardığını bildirmişdi.

Bu dəftəri istintaqa təqdim edib-etmədiyi haqqında suala cavabda G.Orucova aydın bir şey deyə bilməyib və onda hakim yavaşca ona cavabı söyləməyə başlayıb.

Bununla əlaqədar İntiqam Əliyev hakimin G.Orucovanın vəkili kimi çıxış etdiyini qeyd edib.

Vəkil Hümbətova həmçinin xatırladıb ki, G.Orucova əvvəlki prosesdə verdiyi ifadəsində Media Hüquqları İnstitutunda da baş mühasib işlədiyini etiraf edib.

Vəkilin bu QHT-nin pullarını da bacısı Əfsanə Orucovanın hesabına köçürüb-köçürmədiyi haqqında sualına G.Orucova uzun-uzun düşündükdən sonra xatırlamadığı cavabı verib.

Vəkilin G.Orucova bacısının hesabına köçürülən və daha sonra nağd olaraq çıxarılan pulları MHİ rəhbərinə verib-vermədiyi barədə sualını isə hakim Sadıxov ləğv edib.

Bu İntiqam Əliyevin etirazına səbəb olub.

Daha sonra 2006-2010-cu illərdə HMC-də hüquqşünas, layihə koordinatoru və müəyyən müddət ərzində eyni zamanda xəzinədar vəzifəsində işləmiş zərərçəkmiş Sadiq Bağırov çıxış edib.

Bağırov deyib ki, 2010-cu ilin son üç ayında HMC-də işləyərkən onun xəbəri olmadan adına 1066 manat yazıldığına görə zərərçəkmiş kimi tanınıb.

Bu sənədi ona istintaq təqdim edib. Bu sənəddə başqa adların qarşısında imzalar var idimi? Zərərçəkmiş bu suala cavab verməkdə çətinlik çəkib və onda hakim onu öz yanına çağırıb və cinayət işinin müvafiq cildini göstərib, bundan sonra Bağırov suala təsdiqedici cavab verib.

Zərərçəkmiş həmin vaxt işləmirdisə, özünü zərərçəkmiş kimi hesab edə bilərmi? Bu suala cavabda Bağırov qismən işlədiyini bildirib.

Bağırov həmçinin o vaxta qədər hər ay 498 manat aldığı halda niyə 1066 manat almalı olduğunu izah edə bilməyib.

Zərərçəkmiş Könül Bayramova özünü mənəvi cəhətdən zərərçəkmiş hesab etdiyini deyib.

O, 2009-cu ilin noyabrından 2010-cu ilin sentyabrına qədər HMC-də işləyib, daha sonra təhsil almaq üçün Almaniyaya gedib. Lakin istintaq ona 2010-cu ilin oktyabrı-dekabr aylarında onun adına əmək haqqı yazıldığı haqqında sənəd təqdim edib.

Öz növbəsində, İntiqam Əliyev bildirib ki, bu sənədlər saxtalaşdırılıb.

O xatırladıb ki, istintaq HMC-nin möhürlərini, kompüterlərini müsadirə edib və istənilən sənədi saxtalaşdıra bilərdi.

Bu zaman istintaq saxtalaşdırmaqda ittiham olunduğu sənədlərdəki imzaların ekspertizasından israrla imtina edir.

Məhkəmənin növbəti iclası 10 mart saat 11.00-a təyin edilib.

***

Martın 3-də Bakı ağır Cinayətlər Məhkəməsində İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesində Hüquqi Maarifləndirmə Cəmiyyətinin (HMC) keçmiş mühasibi Gülşən Orucovanın ifadəsi davam edib.

Turanın məlumatına görə prokurorluq onu zərərçəkən kimi tanıyıb.

G.Orucova bildirib ki, İ.Əliyevin tələbi ilə o, QHT-nin vəsaitini bacısı Əfsanə Orucovanın Unibank-dakı hesabına keçirib.

Sonra pullar nağdlaşdırılıb və İ.Əliyevə verilib. Beləliklə, guya İ.Əliyev 119 min manatı mənimsəyib.

G.Orucova məhkəmə zamanı qarışıq ifadələr verib ki, bu da onun ibtidai istintaq zamanı verdiyi ifadələrə ziddir.

Belə ki, əvvəlki iclasda G.Orucova bildirib ki, onun bacısı İ.Əliyevdən heç bir vəsait almayıb. Bu gün isə G.Orucova deyib ki, İ.Əliyev ona 500 manat verib.

O, “nədən İntiqam Əliyevin qanunsuz hərəkətləri barədə öncədən prokurorluğa məlumat verməyib” sualına aydın cavab verə bilməyib.

G.Orucovanın sözlərinə görə, pullar onun bacısının hesabına tərcümə xidmətlərinin ödənilməsi bəhanəsilə köçürülüb. Eyni zamanda İ.Əliyev mətnləri pulsuz tərcümə etdirmək üçün könüllülər cəlb edib.

İ.Əliyev HMC-nin Azərbaycan dilində nəşr etdirdiyi kitabları təqdim edib. Bunlar Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarının mürəkkəb mətnləridir.

“Bunları istənilən tərcüməsi tərcümə edə bilməz, üstəlik könüllülər edə bilməzdi”, - İ.Əliyev vurğulayıb. Həmin kitablarda real tərcüməçilərin soyadları göstərilib.

İ.Əliyev yenidən bildirib ki, istintaq HMC-nin ofisində götürdüyü maliyyə sənədlərini müdafiə tərəfinə qaytarmır ki, müttəhimə qarşı irəli sürülən iddiaları inkar etmək mümkün olsun.

Müdafiə tərəfi hesab edir ki, istintaq sənədləri saxtalaşdırıb və əsasən İ.Əliyevin imzası saxtalaşdırılıb. Məhz bu səbəbdən i İ.Əliyevin imzasının yoxlanması üçün ekspertiza təyin edilib.

Hakim Rasim Sadıqov müdafiə tərəfinin bir çox sualını çıxarıb ki, bununla da zərərçəkənin cavablardan yayınmasına imkan yaradıb.

Nəhayət, hakim G.Orucovanın nə səbəbdən özünü zərərçəkən hesab etməsi barədə sualı çıxarıb. Belə olduğu halda vəkil Cavad Cavadov soruşub ki, G.Orucova nədən şikayət edir? O cavab verib ki, şikayəti odur ki, artıq 4 aydır bu iş üzrə çağırılır. Lakin hakim onun sözünü kəsib.

Sonra G.Orucova deyib ki, 2014-cü ilin yanvarında ona 242 manat əməkhaqqı verilib, halbuki onun adına pullar silinmişdi.

Lakin onun sözlərinin həqiqiliyini müəyyən etmək mümkün deyil, çünkü maliyyə sənədləri istintaqın sərəncamındadır.

Hakim hər vəchlə zərərçəkənin dindirilməsinin başa çatdırılmasını istəyib. Lakin İ.Əliyev suallarının olduğunu bildirib.

Saat 14.30-dək fasilə elan edilib.

İntiqam Əliyev avqustun 8-də həbs olunub. O, vergidən yayınmada, vəzifə səlahiyyətindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunub. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı üzrə itihamlar da irəli sürülüb.

İ.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.

Amnesty İnternational İ.Əliyevi”vicdan məhbusu” kimi tanıyıb

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG