Accessibility links

Məhkəmə Xədicə İsmayılın həbsini mayadək uzadıb


Jurnalist Xədicə İsmayıl

Jurnalist Xədicə İsmayıl

Jurnalist bunu absurd sayır

Martın 6-da Nəsimi Rayon Məhkəməsi həbsdə olan jurnalist Xədicə İsmayıl barəsində seçilmiş həbs qətimkan tədbirini may ayınadək uzadıb. Bu barədə Amerikanın Səsinə vəkil Fariz Namazlı bildirib.

Onun sözlərinə görə, X.İsmayılın həbs müddəti mayın 24-dək uzadılıb.

Həbs müddətinin uzadılmasını istintaq tərəfi belə əsaslandırıb ki, jurnalist şahidlərə təsir edə bilər, istintaqdan qaçıb gizlənə bilər. Eyni zamanda onun cinayət işi üzrə ekspertiza rəyləri alınmalıdır.

Xədicə İsmayıl bunu absurd hesab edir və irəli sürülmüş ittihamlarla özünü təqsirli saymır.

AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olduğu müddətdə isə jurnalistləri işə götürmək və ya hər hansı maliyyə fünksiyalarını yerinə yetirmək səlahiyyətində olmayıb. Sadəcə Bakı ilə Praqa birosu arasında koordinator olub.

Bununla belə jurnalistə qarşı Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" iddiası ilə bağlı cinayət işinin açılmasına gəldikdə Xədicə İsmayıl zərərçəkənin gətirilməsini, onun ümumiyyətlə sağ olub olmamasını tələb edib.

Vəkil deyir ki, hakim buna rekasiya verməyib və Xədicə İsmayılın tez-tez sözünü kəsərək ittihamın mahiyyəti barədə danışmasını istəyib.

Fariz Namazlı Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcəyini də istisna etməyib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" iddiası ilə saxlanıb.

Bu il fevralın 13-də jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub.

Bu ittihamlara görə Xədicə İsmayılı 12 ilədək həbs gözləyir.

Fevralın 23-də Bakı İstintaq Təcridxanasında Elman Türkoğlunun həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə Binəqədi Rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyev daha bir qərar çıxarıb.

Hakim jurnalisti Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə təqsirli bilərək 2500 manat məbləğində cərimələyib.

XS
SM
MD
LG