Accessibility links

QREKO: Azərbaycanın hüquq sistemi siyasi sifarişləri yerinə yetirir


QREKO: Azərbaycanın hüquq sistemi siyasi sifarişləri yerinə yetirir

QREKO: Azərbaycanın hüquq sistemi siyasi sifarişləri yerinə yetirir

Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (QREKO) aprelin 2-də Azərbaycan üzrə məruzəsini dərc edib

Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (QREKO) aprelin 2-də Azərbaycan üzrə məruzəsini dərc edib.

Bu, parlament üzvləri, hakimlər və prokurorlar arasında korrupsiyanın profilaktikası üzrə Azərbaycandakı vəziyyətin qiymətləndirilməsi haqqında dördüncü hesabatdır.

QREKO-nun press-relizində deyilir ki, Azərbaycan Konstitusiyasında müstəqillik və hakimiyyət bölgüsü prinsipləri əksini tapıb, amma güclü prezident və icra hakimiyyəti qanunvericilik və məhkəmə hakimiyyətinə, o cümlədən prokurorluğa güclü təsir göstərir.

"Bütün bu mühitin şəffaflığa ehtiyacı var, korrupsiyaya və siyasi sifarişlərin yerinə yetirilməsinə meyllidir", hesabatda bildirilir.

Sənəddə göstərilib ki, parlamentin deputatları ölkə prezidentinin rəhbərlik etdiyi partiyaya mənsubluqları və ya loyallıqları ilə fərqlənirlər.

"Zəif müxalifət Azərbaycanın siyasi sisteminin xüsusiyyətidir. Bir tərəfdən bunun səbəbi siyasi fəaliyyəti və parlament nəzarətini xeyli məhdudlaşdıran qanunverici məhdudiyyətlərdədir.

Hakimlər və prokurorlar bilavasitə və ya dolayısıyla prezident tərəfindən təyin edilir, bir halda ki, Məhkəmə Hüquq Şurası – məhkəmələrin özünüidarə orqanı Ədliyyə Nazirliyinə tabedir.

Bu qurum qanunvericilik və məhkəmə hakimiyyətinin fəaliyyətinə qanunsuz təsir və siyasi müdaxilə üçün şərait yaradır, böyük korrupsiya riskləri yaradır.

İkinci amil deputatların fəaliyyəti və əmlakı haqqında məlumatlara nəzarətin olmaması, maraqların toqquşmasıdır.

2005-ci il tarixli əmlakın bəyan edilməsi haqqında qanun indiyədək icra edilmir. Bu, məmurların və deputatların əsl gəlirlərini gizlətməyə imkan verir.

Bundan başqa, ictimaiyyət 2012-ci ildə şirkət təsisçiləri və sahibləri haqqında məlumat almaq imkanından məhrum edilib. Buna görə əmlakın ayrı-ayrı deputatlara, hakimlərə və prokurorlara məxsus olduğunu müəyyən etmək kifayət qədər problemlidir, həm də KİV-in özünüsenzurası fonunda.

Deputatların, hakimlərin və prokurorların zəruri müstəqillik səviyyəsinə nail olmaq üçün korrupsiyaya qarşı mübarizə islahatları bu institutların vəzifəyə seçilmə zamanı qərəzsizliyi təmin edən əsaslarını da əhatə etməlidir.

Həll edilməsi zəruri olan digər problemlər deputatlar, hakimlər və prokurorlar üçün peşə etikası məcəllərinə uyğun davranış standartlarının işlənib hazırlanması və tətbiqidir", hesabatda qeyd edilir.

QREKO Avropa Şurası üzvlərinin korrupsiyaya qarşı mübarizədə imkanlarının yaxşılaşdırılması və antikorrupsiya standartlarına riayət olunması məqsədilə yaradılıb. QREKO dövlətlərə milli korrupsiyaya qarşı mübarizə siyasətində nöqsanları üzə çıxarmağa kömək edir, qanunverici, institusional və təcrübi islahatlar təklif edir. Hazırda Azərbaycan da daxil olmaqla, 48 Avropa ölkəsi QREKO-nun üzvüdür.

Məruzənin tam mətnini aşağıdakı linkdə oxumaq olar: http://www.coe.int/t/dghl/monitoring/greco/evaluations/round4/Eval%20IV/GrecoEval4(2014)2_Azerbaijan_EN.pdf

XS
SM
MD
LG