Accessibility links

Milli Şura: Azərbaycan Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamalıdır


Milli Şura: Azərbaycan Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamalıdır
Milli Şura: Azərbaycan Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamalıdır

Milli Şura Azərbaycan-Avropa Birliyi münasibətlərini müzakirə edib

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) “Şərq Tərəfdaşlığı ölkələrinin Riqa Sammiti ərəfəsində Azərbaycan-Avropa Birliyi (AB) münasibətləri” mövzusunda dəyirmi masa keçirib.

Dəyirmi masada rəsmi Bakıya AB ilə assosiasiya sazişi imzalamaq çağırışı edilib, bu sazişin ölkəyə gətirəcəyi xeyir və imzalanmadığı halda ölkəni gözləyən təhlükə təhlil edilib.

Müxalif qüvvələrin birləşdiyi DQMŞ-i müzakirələri Azərbaycan iştirakçı olduğu AB-nin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində bu il mayın 21-22-də Latviyanın paytaxtı Riqada keçiriləcək Sammit ərəfəsində keçirib.

DQMŞ sədri Cəmil Həsənli hesab edir ki, AB ilə Azərbaycan arasında münasibətlər 1996-cı ildən başlasa da Avropaya inteqrasiya baxımından əhəmiyyətli nəticə əldə edilməyib.

“Rəsmi Bakı AB ilə assosiasiya sazişindən boyun qaçıraraq, mahiyyəti qeyri-müəyyən olan strateji əməkdaşlığa üstünlük verir”, o qeyd edib.

Neftin ucuzlaşması ilə ölkə iqtisadiyyatının kritik duruma düşdüyü, maliyyə ehtiyatlarının azaldığı qeyd edilib.

“Bütün sahələr üzrə vəziyyət pisdir, günbəgün də pisləşməkdə davam edir və bundan çıxış yolu Avrointeqrasiyaya yönələn yeni siyasətə getməkdədir”, Həsənli bildirib.

Qurumun beynəlxalq əlaqələr bölməsinin rəhbəri Gültəkin Hacıbəyli Azərbaycanın Avropaya inteqrasiyadan imtina etmədiyini, amma bu istiqamətdə əhəmiyyətli addım atmadığını da önə çəkib. Onun fikrincə, inteqrasiya ilə bağlı əhəmiyyətli addımların atılmaması rəsmi Bakının korporativ maraqları ilə bağlıdır.

G.Hacıbəyli rəsmi Bakının inhisarçılıqdan əl çəkmək, iqtisadi-siyasi islahatlara getmək istəməməsini inteqrasiya yolunda ən böyük maneə adlandırıb.

“Siyasi məhbusların sayına görə Azərbaycanı dünyada lider ölkələrdən biridir”, o qeyd edib.

AB-yə assosiativ üzvlüyü Azərbaycanın problemlərinin həlli üçün mexanizm sayan Hacıbəyli bu üzvlüyü ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı üçün təminat olduğunu deyib.

“Riqa Sammiti assosiativ üzvlük sazişini imzalamaq üçün fürsətdir”, o qeyd edib.

Professor Əli Abbasov Avropaya inteqrasiyada “Rusiya təhlükəsi”ni nəzərə almağı vacib sayır.

“Ukrayna təcrübəsi göz önündədir. Bu baxımdan hakimiyyətin balanslı siyasət yürütməsi vacibdir. Riqa Sammitində Azərbaycan assosiativ üzvlük sazişini imzalamayacaq və ilin sonuna kimi bu məsələ real görünmür”, professor bildirib.

Çıxışlarda Avropaya interqasiya ilə bağlı xalqın maarifləndirilməsinin, bunun xalqın ortaq hədəfinə çevrilməsinin vacibliyi qeyd edilib.

“Biz siyasi qurumlar, vətəndaş cəmiyyəti üzvləri olaraq hakimiyyətdən Avropaya inteqrasiyanı daim tələb etmişik”, Xalq Cəbhəsi Partiyasının sədri Əi Kərimli bildirib.

O, hakimiyyətin saxta seçki, inhisar, korrupsiya “azadlığını” əldən verməməsi üçün AB ilə assosiativ üzvlük sazişini imzalamaq istəmədiyini deyib.

Ölkənin iqtisadi böhran içində olduğunu deyən partiya sədri bu böhranın ölkəni iqtisadi iflasa apardığını xatırladıb.

Ə.Kərimli bank sektorunun təhlükə önündə olmasını da xatırladıb. Buradan yeganə çıxış yolu kimi ölkənin “qapılarının” təcili, özü də geniş şəkildə açılması göstərilib.


“Ən düzgün çıxış yolu Avropa Birliyi ilə assosiativ üzvlük sazişini imzalamaqdır və buradan hakimiyyətə bu çağırışı edirik”, AXCP sədri bildirib.

Müzakirələrin yekunu olaraq dəyirmi masa iştirakçıları qətnamə qəbul edib.

Sənəddə deyilir ki, 1918-1920-ci illərdə birinci Azərbaycan Demokratik Respublikası (ADR) Avropa ilə əməkdaşlığa maraq göstərib.

“ADR yaradıcılları cəmi 23 ay ərzində Azərbaycanın insan hüquqları və demokratiya standartları sahəsində hətta Avropanın bir çox ölkələrindən önə çıxmağa müvəffəq oldular. Lakin, təəssüflər olsun ki, biz bu gün nəinki demokratiya quruculuğu sahəsində uğurlarımızla öyünə bilmirik, hətta 100 nəfərdən artıq siyasi və vicdan məhbusumuzla Avropanın siyasi repressiya liderinə çevrilmişik”, qətnamədə deyilir.

DQMŞ Azərbayvcanın siyasi rəhbərliyini xalqın və dövlətin ali maraqlarını şəxsi iqtisadi və hakimiyət maraqlarının girovuna çevirmək siyasətinə son qoymağa çağırır.

“Azərbaycan Avropa Birliyi ilə Assosiasiya Sazişi və Azad Ticarət Sazişini imzalamalıdır. Bunun üçün Avropa Birliyi ilə əməkdaşlıq dərinləşməli, Avrointeqrasiya siyasətinin zəruri şərtləri olan köklü demoktratik islahatlar həyata keçirilməlidir”, sənəddə qeyd edilir.

XS
SM
MD
LG