Accessibility links

Azərbaycan XİN: “Ermənistan qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Ermənistan mediası rəsmi mənblərə istinadən erməni silahlı qüvvələrinin Dağlıq Qarabağda hərbi təlimlər keçirməsi barədə məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev hərbi təlimləri pisləyən bəyanatla çıxış edib.

Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı hərbi təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan mövcud status kvonu saxlamağa və məqsədyönlü şəkildə regionda gərginliyi artırmağa xidmət edir.

“Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən bu təlim güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin daha bir ifadəsidir.

May ayında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimə keçirilməsi nəzərdə tutulan qanunsuz “parlament seçkiləri” də Ermənistanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir”, o qeyd edib.

Mətbuat xidmətinin rəhbərinin fiktrincə, ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə Ermənistan tərəfindən siyasi və hərbi təxribatçı əməllər vasitəsilə danışıqlar prosesinə xələl gətirilir.

“İşğal və təcavüzə əsaslanan, qəbuledilməz və qeyri-davamlı olan mövcud status kvonunun dəyişdirilməsi, münaqişənin həlli və nəticə etibarilə, regionda sülh və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”, Hacıyev qeyd edib.

XS
SM
MD
LG