Accessibility links

QHT fəalı 12 saatdan sonra azad buraxılıb [Yenilənib]


Bakı aeroportu

Bakı aeroportu

Elçin Məmməd mayın 29-da Avropadan gələrkən hava limanında saxlanmışdı

Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirmə İctimai Birliyinin sədri və “Yüksəliş naminə” onlayn nəşrinin baş redaktoru Elçin Məmməd bu gün səhər saatlarından etibarən 12 saat saxlandıqdan sonra sərbəst buraxılıb.

O Amerikanın Səsinə bildirib ki, səhər saat 4-də təyyarə ilə Bakıya gəlib, burada sərhədçilər tərəfindən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi olması əsası ilə saxlanılıb.

Elçin Məmməd Cinayət Məcəlləsinin, 192 (qanunsuz sahibkarlıq) və 309-cü (vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham olunur.

Bu ittihamlar aprelin 10-da irəli sürülüb, lakin fəala ölkəni tərk edə bilməyəcəyi barədə xəbərdarlıq edilməyib. Buna görə 9 gün sonra o, xidməti ezamiyyət məqsədilə maneəsiz şəkildə ölkəni tərk edib.

Saxlanıldıqdan sonra Elçin Məmməd aeroport polisinə təhvil verilib, oradan isə Azərbaycan Beynəlxalq Bankına kreditlərin qaytarılmaması haqqında araşdırma ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

“Başa düşmürəm, məni niyə oraya aparıblar. Mən oliqarx deyiləm, biznesmen deyiləm. Biz cəmi 5 min manat kredit almışıq. Ödəniləcək cəmi 1800 manat qalıb və geri ödəniş müddəti bitməyib”, deyə Məmməd bildirib.

Sonda jurnalist sərbəst buraxılıb, bir daha çağırılacağı bildirilib.

Xatırladaq ki, son həftələrdə Beynəlxalq Banka kreditlərin ödənilməməsi ilə əlaqədar böyük və orta biznes qurumlarının səlahiyyətli şəxsləri saxlanıb.

***

Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirmə İctimai Birliyinin sədri və “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd mayın 29-da Avropadan gələrkən Bakı hava limanında saxlanılıb.

Bu barədə Amerikanın Səsinə onun müavini Elçin Həsənov bildirib.

Həsənovun sözlərinə görə, insident səhər saat 4-də baş verib. E.Məmməd E.Həsənova zəng edib saxlandığını deyib.

E.Məmməd 2014-cü ilin noyabrından bir qrup QHT-nin fəaliyyətinin araşdırılması işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Aprelin əvəlində ona bildirilib ki, o, ittiham olunan şəxs kimi cəlb edilib. Bununla belə, E.Məmməd aprelin 19-da ölkədən buraxılıb və Strasburqa gedib, indiyədək Avropada olub.

XS
SM
MD
LG