Accessibility links

Taner Yıldız: Bakı-Tbilisi-Ərzurum qaz kəmərindəki partlayış terror aktıdır (Yenilənib)


Bakı-Tbilisi-Ərzurum qaz kəməri

Bakı-Tbilisi-Ərzurum qaz kəməri

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətindən keçən hissəsində baş vermiş partlayış terror aktıdır.

"Anadolu" agentliyinin məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bəyan edib.

"Terror təşkilatı xalqımızın dinc və rifah halına qəsd etdiyini bir daha göstərdi. Bu gecə saat 01:15-də Bakı-Tbilisi-Ərzurum (Şahdəniz) təbii qaz boru xəttinin Sarıkamış Yağbasan kəndindəki hissəsinə terror təşkilatının etdiyi hücum qaz nəqlinin dayanmasına səbəb olub. Bunlar əllərindən gəlsə, təkcə Çuxurcada yaşayan qardaşlarımızı deyil, Nişantaşındakı vətəndaşlarımızı da elektriksiz və təbii qazsız qoymaq fikrindədirlər”.

***

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu əraizindən keçən hissəsində partlayış baş verib.

“Anadolu” agentliyinin məlumatına əsasən, partlayışın səbəbi məlum deyil.

Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib.

Onun sözlərinə görə, hadisə Sarıqamış rayonunda qeydə alınıb. Meşə sahəsində baş verən partlayışın səbəbi araşdırılır.

Yanğının meşəyə keçməsinin qarşısı alınıb. Şahidlərin bildirdiyinə görə, partlayışın səsi 20 km uzaqlıqdan eşidilib.

Agentliyin məlumatına əsasən, hazırda partlayışdan sonra yaranan yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.

Öz növbəsində, Azərbaycan Dövlət Neft Şirkətinin sözçüsü Nizaməddin Quliyev bildirib ki, profilaktik təmir işlərinə başlanıldığı üçün hadisədən bir neçə saat öncə həmin qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə mavi yanacaq verilməyib.

“Qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin mühafizə işini Türkiyə tərəfi, Botaş şirkəti həyata keçirir. Botaş şirkəti ilə daimi əlaqələrimiz var. Qeyd edim ki, xoşbəxtlikdən qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən 8-9 saat əvvəldən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə qaz verilməyib. Buna görə də Azərbaycan tərəfinə ziyan dəyməyib. Hazırda partlayışın səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat olanda bu barədə ətraflı məlumat veriləcək”, N.Quliyev vurğulayıb.

XS
SM
MD
LG