Accessibility links

Prezidentin köməkçisi Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini qınayıb


Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov

“Əminliklə demək olar ki, Avropa Parlamentinin Azərbaycana qarşı ardıcıl həmlələri, qəbul etdiyi qeyri-obyektiv və qərəzli qətnamələr də həmin dairələrin təhriki və bu struktura davamlı təzyiqinin nəticəsidir”.

Bu sözləri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni AZƏRTAC-a şərh edərkən deyib.

Əli Həsənov qətnaməni Azərbaycanın beynəlxalq nüfuzuna yenidən zərbə vurmaq kimi dəyərləndirib.

“Azərbaycan Avropa İttifaqının üzvü deyil, bu qurumun qarşısında heç bir məsuliyyət daşımır və buna görə də Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyildir”. o əlavə edib.

Ə.Həsənov bildirib ki, bu gün ölkədə onlarla siyasi partiya, yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan, sərbəst şəkildə fəaliyyət göstərir, internet azadlığı tam təmin edilib.

Onun sözlərinə görə, Azərbaycanda konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş şəxslərin bütün hüquqları təmin olunur və qanunla qadağan olunmayan ehtiyacları tam ödənilir.

Bununla belə Əli Həsənov Avropa Parlamentinə məsləhət görüb ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının ayırdığı milyonlarla avro vəsaitin hara xərcləndiyi araşdırılsın.

“Bu günlərdə keçirilmiş məhkəmə proseslərində təsdiq olundu ki, bəzi QHT rəhbərləri Azərbaycan qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaqla xaricdən aldıqları qrantları Avropada mülklər əldə etməyə, özlərinin dəbdəbəli həyat tərzinə və şəxsi bank hesablarını doldurmağa xərcləmişlər”, Həsənov qeyd edib.

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin perspektivinə gəldikdə, Əli Həsənov bildirib ki, Azərbaycan dövləti tərəfdaşlıq əlaqələrini, bərabərhüquqlu əməkdaşlığı davam etdirməyə hazır olduğunu dəfələrlə bəyan edib və bu gün də öz mövqeyində qaldığını xatırladıb.

Qeyd edək ki, Avropa Parlamenti Azərbaycan hökumətini jurnalist Xədicə İsmayıl və həbsdə olan digər fəallar, hüquqşünas və hüquq müdafiəçilərini dərhal, heç bir şərtsiz azad etməyə çağıran qətnamə qəbul edib.

XS
SM
MD
LG