Accessibility links

Oqtay Əsədov: Biz Nazirlər Kabinetinə müraciət etməliyik ki, Şərq Tərəfdaşlığı Proqramına yenidən nəzər salısın (Yenilənib-3)


Oqtay Əsədov
Oqtay Əsədov

Milli Məclisin növbədənkənar sessiyası işini başa çatdırıb. Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsinə cavab məqsədilə keçirilən müzakirələrin yekununda vitse-spiker Valeh Ələsgərov yekun qərarı oxuyub. Sənəddə Avropa Parlamentindən Azərbaycana qarşı qərəzli münasibətə son qoymaq tələb olunub.

Milli Məclis Avronest üzvlüyündən imtina etmək məqsədilə prosedur işlərə başlanılması barədə qərar verilib. Bu müddətdə isə qurumun iclaslarına qatılmamaq qərarı da əksini tapıb.

Azərbaycan rəsmilərinə qarşı sanksiya tətbiq olunacağı halda Avropa Parlamenti üzvlərinin və rəsmilərinin Azərbaycana giriş-çıxışı ilə bağlı məsələnin də müzakirəyə çıxarılacağı barədə xəbərdarlıq edilib.

Sənəd səsə qoyularaq qəbul edilib.

***

Milli Məclisi növbədənkənar sessiyasında Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsinin müzakirəsi davam edir.

Parlamentdə müzakirələrlə bağlı musavat.com saytının reportajını təqdim edirik.

“Sən demə, qədim qitəni heç bir ölkənin ərazi bütövlüyünün pozulması narahat etmirmiş, əks təqdirdə öz mövqelərini ortaya qoyardılar”. Musavat.com müxbiri xəbər verir ki, Milli Məclisin vitse-spikeri Bahar Muradova bu fikirləri Milli Məclisdə Avropa Parlamentinin qətnaməsinə etirazını bildirərkən söyləyib.

Xanım vitse-spiker dedi ki, bu cür sənədlərin verə biləcəyi nəticələr ilk növbədə Avropa insanlarının taleyinə mənfi təsir göstərəcək:

“Ona görə də mən üzümü avropalılara tuturam, siz siyasətçi, deputat bildiklərinizlə bağlı ciddi düşünün! Mən sizləri gözüaçıq olmağa və seçdiyiniz siyasətçilərdən haqlı mövqeyi tələb etməyə çağırıram! Bu gün əlbir olsaq, dünyanı xilas edəcəyik. Bu gün dünya təhlükədədir.”

Deputat Çingiz Əsədullayev dedi ki, Avronest-lə əlaqədar yaradılmış komitə əslində bu illər ərzində fəaliyyətsiz qalıb: “Hətta bizim son səfərimiz zamanı görüşə cəmi iki deputat gəlmişdi. Mən bu komitənin sədr müavini kimi hesab edirəm ki, bu formal komitənin fəaliyyətinin dayandırılmasının vaxtıdır”.

“Avropa Parlamentinin qəbul etdiyi qətnamə parlamentdə ciddi təhlil olunmalıdır. Azərbaycan ölkəmizə qarşı aparılan bu provakasiyanı pisləyir və layiqli cavab verilməsini tələb edir”. Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Bildirdi ki, Avropa Parlamenti Azərbaycandakı seçkilər ərəfəsində tez- tələsik böhtan dolu qətnamə qəbul etməklə öz nüfuzuna böyük zərbə vurdu və onlar uzun müddət bunun altından çıxa bilməyəcəklər.

Deputat Azay Quliyev Azərbaycanın Avropa qurumlarının qərəzli münasibətlərinin qarşılığında sərt mövqedən çıxış etməsini zəruri sayıb. Deputat bildirdi ki, bu qətnamədə o qədər absurd ifadələr var ki, onu ciddiyə almamalıyıq:

“Bizim Avropa İttifaqı ilə münasibətlərimiz şəffaf şəkildədir. Biz “Avronest” lə də əməkdaşlıq etdik. Amma onlar müqabilində bizə riyakarlıq, ikiüzlülük göstərdilər. Avropa İttifaqının yüksək çinli rəsmilərinin səfəri təxirə salınıb. Bu siyasət davam etməlidir”.

Deputat Asim Mollazadə dedi ki, Avropa Parlamentində qəbul olunan sənəd Azərbaycana qarşı informasiya müharibənin, ideoloji mübarizənin təzahürüdür. A. Mollazadə də bu təzyiqlərin arxasında konkret layihələrin dayandığını bildirdi. Dedi ki, hər il Azərbaycanın işğal olunmuş ərazilərinə gedən hər bir avropalı deputata külli miqdarda vəsait verilir:

“Avropanın tanınmış siyasətçilərinin işğal olunmuş torpaqlara səfərləri başladı. Avropa Parlamentinin Dağlıq Qarabağa gedən deputatlarına 50 mindən səkkiz minə qədər avro verilir. Azərbaycanla bağlı qətnamənin lehinə səs verənlərin çoxu özlərini demokratiyanın carçısı adlandırır, hansı ki onlar demokratiya olmayan ölkələrlə bağlı sanksiyaların qaldırılmasının tərəfdarıdırlar və bunu tələb edirlər. Biz Azərbaycan və Türk diasporu olaraq öz etirazlarımızı Avropa Parlamentinin qarşısında bildirməliyik. Biz müstəqil dövlət kimi “böyük qardaşlar”dan imtina etmişik. Bundan sonra da müstəqilliyimizin ətrafında birləşərək bizə böyüklük etmək istəyənlərə “yox” deməliyik".

Ağsaqqal deputat Fəttah Heydərov çıxışı zamanı bildirdi ki, mənbəyi və mənşəyi bilinən qrupun qəbul etdiyi qətnamələrin müzakirəsini təqdir edir: “Bu qətnamə demoqogiyadan, antisülh, antibəşəri xarakter daşıyan cızmaqaradan başqa bir şey deyil. Burda göstərilən faktların heç biri reallığa uyğun deyil. Azərbaycan regionda nümunəvi dövlətdir, bunu ölkəmizə gələnlər də etiraf edir. Avropa Parlamenti ölkəmizə qarşı sanksiya tələb edir. Azərbaycan prezidentinin apardığı siyasət region və dünya üçün nümunəvi siyasətdir. Bu günədək 1 milyon qaçqın-köçkünümüzün haqlarının bərpa olunmasını tələb etməyən qüvvələr Azərbaycanın nailiyyətlərinə, inkişafına paxıllıq hissindən irəli gələrək ortaya belə bir sənəd qoyublar. Bu sənəd bir tərəfdən bizi ayıqlığa səsləyir, eyni zamanda biz bu qətnamədən çox da narahat olmağa ehtiyac yoxdur. Biz bu cür sənədlərə qətiyyətlə cavab verməliyik”.

Musa Quliyev dedi ki, bu qətnaməni qəbul etmək istəyənlər Azərbaycanı sözəbaxan, marionet dövlət kimi görmək istəyirlər: “Bunu görməyəcəklər! Əslində Avropa Parlamenti bir xristian klubudur, ilk gündən Azərbaycana qarşı mövqe ortaya qoyurlar. Əslində Avropa Parlamenti müstəqil deyil, bir kukla teatrıdır, oradakılar da maskalı aktyorlardır”. Deputat Avronestlə bütün əlaqələri kəsməyə çağırdı.

Fazil Mustafa dedi ki, əvvəlki illərlə müqayisədə son dövrlər ən barışmaz müxalif qüvvələrdə belə Avropa qurumları ilə bağlı fərqli münasibət formalaşıb:

“Bu gün yeni bir situasiya yaranıb. Son illərdə Avropa İttifaqı balansın Ermənistanın xeyrinə dəyişməsi üçün Azərbaycana qarşı siyasi təzyiqlərə üstünlük verir. Biz hakimiyyəti yox, Azərbaycanın Suriyaya, Liviyaya çevrilməməsini dəstəkləyirik. Biz bu seçimi mütləq o formada etməliyik ki... Əks təqdirdə ölkəmiz Ukraynaya çevrilə bilər, daha böyük fəlakəti yaşaya bilər”. F.Mustafa dedi ki, Azərbaycanın mövqeyindən çıxış edən avropalı deputatlara ayrı-ayrılıqda təşəkkür etməliyik. Həmçinin parlament partiyalarının etiraz bildirməsini daha faydalı saydı: “BQB olaraq biz də bu qətnaməni pisləyirik. Azərbaycan dövlətinin maraqlarını qorumaq hər birimizin borcudur”.

Deputat Zahid Oruc bildirdi ki, 20 ildir Azərbaycan cəmiyyətində “erməni kimi tanınan” bir şəxsin fəaliyyətinə nəhayət son qoyuldu: “Söhbət Leyla Yunusdan gedir. İndi siz təsəvvür edin ki, biz Saakyanı, Qukasyanı cəzalandırsaq, Azərbaycana qarşı hansı münasibət olar”. Z. Oruc həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycanda ingilis dilli bir telekanal yaratmağa çağırdı. Deputat seçkilərlə bağlı təzyiqləri də xatırlatdı: “Qərb açıq şəkildə deyir ki, parlamentdə mənim maraqlarımdan çıxış edən insanlar olmalıdır”.

Deputat Çingiz Qənizadə: “Avropa Parlamentinin qəbul etdiyi qətnamə riyakarlıqdan başqa bir şey deyil”, söylədi. Deputat Leyla Yunusun davranışlarını xatırlatdı: “Sanki bu adama tutulmaq, təzyiq altında qalmaq lazım idi ki, gələcəkdə hardasa sığınacaq tapsın. Rasim Əliyev isə məişət zəminində qətlə yetirilib, buna görə 6 nəfər həbs edilib və məsələ prezidentin nəzarətindədir”.

“Avropadakı anti-Azərbaycan qüvvələr gənc Heydər Əliyevin tələbəlik fəaliyyətini, şeirlərini izləyirlər. Nədənsə gənc Heydər Əliyevdən qorxurlar. Çünki qorxurlar ki, 20 ildən sonra Azərbaycanda Heydər Əliyev kimi tərbiyəli və savadlı gənc böyüyür”.

Bu sensasion fikirləri Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov parlamentdəki bugünkü çıxışı zamanı bildirib.

Parlamentar deyib ki, Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr əslində 2003-cü ildə prezident seçilən İlham Əliyevin 6, maksimum 11 aydan sonra hakimiyyətdən gedəcəyini proqnozlaşdırırmış. Amma onlar bu hakimiyyətin uzun illər davam etməsini sinirə bilmədikləri üçün ölkəmizə qarşı təzyiqlərə start veriblər. Deputat Avropa Parlamentini “Xristian klubun vazgenlər şurası” adlandırıb.

Y. Abramov həmkarlarını xaricdə sözlərini deməyə çağırıb: “Çoxları bu mikrofon qarşısında qəhrəman olur. Ancaq xaricdə danışdırmaq lazımdır. Düşməni evində boğmaq lazımdır. Mən bu kampaniyaya qoşulan yəhudilərə də müraciət edirəm, bizim 6 milyon soydaşımızı Avropa məhv edib”.

Qeyd edək ki, parlament qətnaməyə cavab hazırlamaq üçün vitse-spiker Valeh Ələsgərovun sədrliyi ilə komissiya yaradıb.

***

“Biz Avropa Parlamentinin Azərbaycana qərəzli qətnamələr qəbul etdiyinin dəfələrlə şahidi olmuşuq. Ancaq bu dəfə Avropa Parlamenti bütün sərhədləri keçib”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Milli Məclisin sentyabrın 14-də keçirilən növbədənkənar plenar iclasında deyib.

O.Əsədov bildirib ki, bu dəfə Avropa Parlamenti bütün davranış qaydalarını pozub:

“Biz Avropa Parlamentinin iclasını canlı müşahidə etdik və Avropa Parlamenti deputatlarının Azərbaycana qarşı nə qədər qərəzli mövqe tutduğunu gördük. İclasdakı məlumatlar açıq-aşkar saxtakarlığa əsaslanıb”.

O.Əsədov hesab edir ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığına yenidən baxmalıdır:

“Biz beynəlxalq təşkilatlarda iştirakımızla bağlı qəti qərara gəlməliyik. Biz bu təşkilatlardan nə görürük. Hesab edirəm ki, biz Nazirlər Kabinetinə müraciət etməliyik ki, Şərq Tərəfdaşlığı Proqramına yenidən nəzər salısın”.

Azərbaycan Milli Məclisi növbədənkənar xüsusi plenar iclas keçirir.

Məqsəd Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsinin müzakirəsidir.

Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamədə Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması tələb olunur. Siyasi fəalların təqibçisi kimi tanınan hakimlərə, rəsmilərə viza verilməsinin qadağan olunması deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG