Accessibility links

Elmar Məmmədyarov: Ermənistan qoşunlarını çıxarmasa, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qalacaq


Xarici işlər naziri Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov

"Dağlıq Qarabağ regionu hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və olmaqda da davam edəcək. Biz heç bir zaman öz ərazilərimizin işğalı ilə barışmayacağıq. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyü əsasında həll edilə bilər. "

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı bildirib.

Nazir hesab edir ki, Azərbaycan ərazilərinin hərbi yolla işğalı həll yolu deyil və heç vaxt Ermənistan tərəfindən arzu olunan siyasi nəticə verməyəcək.

“Ermənistan bu reallığı nə qədər tez dərk etsə, münaqişə o qədər tez həll edilər və regiondakı ölkələr və xalqlar əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən faydalanar”.

Məmmədyarov Azərbaycanın münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında ən maraqlı tərəf olduğunu diqqətə çatdırıb.

“Buna baxmayaraq, danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq”, o qeyd edib.

Sentyabrın 26-da Ermənistan prezidenti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna Ermənistanın bir hissəsi kimi istinad edilən bəyanat verib.

“Azərbaycan qəti şəkildə bu yalan və təcavüzkar bəyanatı rədd edir. Bu bəyanat Ermənistanın BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə məhəl qoymadığını bir daha sübut edir və Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün törədilməsinin ən yüksək səviyyədə daha bir etirafıdır.

“Bu, Ermənistan rəhbərliyinin sülhə konstruktiv yollarla nail olunması prosesindən nə dərəcədə uzaq olmasının göstəricisidir. Bu bəyanatda Ermənistan prezidenti hətta ölkəsinin dünyanın ən hərbiləşdirilmiş regionu olmasından fəxr etdiyini bildirir”.

Nazir hesab edir ki, Ermənistanın tarixi təhriflər əsasında qonşu dövlətlərə qarşı açıq-aşkar ərazi iddiaları, Azərbaycana qarşı təcavüzü, onun ərazilərini işğal etməsi və etnik təmizləmə aparması, münaqişənin gedişində törədilmiş cinayətlərə görə məsuliyyəti təkidlə inkarı, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında birbaşa təmaslara qarşı çıxması və itkin düşmüş şəxslər məsələsi üzrə ciddi əməkdaşlıqdan yayınması etimadın olmamasının əsl səbəbləridir.

“Effektiv etimad quruculuğu tədbirləri üçün ən vacibi və ilk növbədə təxirə salınmadan Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair plan həyata keçirilməlidir. Qoşunların təmas xətti boyunca insidentlərin araşdırılması mexanizminin yaradılması barəsində ideyalara gəlincə, qeyd etməliyik ki, bu insidentlərin baş verməsinin əsas səbəbi Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur. Əks təqdirdə, bu, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin də dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğunu bəyan etdikləri status kvonun saxlanmasına xidmət edəcəkdir”.

Nazir Məmmədyarov xatırladıb ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib.

“Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş edirib. Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq özünün qeyri-real işğalçılıq iddialarında təkid etməkdə, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni adlarını dəyişdirərək və yüz minlərlə məcburi şəkildə köçürülmüş azərbaycanlının öz doğma yurdlarına qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir”.

Nazir bu arada Avropa İnsan Hüquqları Məhkəməsi Çıraqov və digərləri Ermənistana qarşı işi üzrə çıxardığı qərarda Azərbaycan ərazilərinin işğalı və azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığını təsbit edən sənədə istinad edib.

Azərbaycan xarici işlər naziri Ermənistan prezidentinin BMT Baş Assambleyasındakəı çıxışını da kəskin tənqid edib.

XS
SM
MD
LG