Accessibility links

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) növbəti anti-terror tədbirləri həyata keçirib.

Nəticədə 5 nəfər Azərbaycan vətəndaşı - Namiq Quliyev, Xalid Hacıverdiyev, Taleh Əhmədov, Elvin Əsgərov və Anar Mahmudov şübhəli şəxs qismində saxlanılıb.

Müəyyən edilib ki, onlar 2012-2015-ci illərdə müxtəlif vaxtlarda Suriya və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti" (İŞİD), “Cəbhətül-Nusra” və "Cumdul-Xilafə" terrorçu təşkilatlarının fəaliyyətində iştirak edib.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin ölkə hüdudlarından kənarda terrorçuluq, qanunsuz silahlı birləşmə yaratmaq, milli, dini ayrıseçkilik salmaq, cinayətkar birlik yaratmaq və digər maddələri ilə cinayət işi başlanıb.

Həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

XS
SM
MD
LG