Accessibility links

Milli Şura parlament seçkilərinin nəticələrini tanımayacaq


Milli Şuranın nümayişi
Milli Şuranın nümayişi

“1 noyabr tarixdə seçki adı ilə keçiriləcək məzhəkə milli iradənin ifadəsi ola bilməz. Bu səbəbdən Milli Şura xalqın səsinə dayanmayan seçkilərin nəticələrini tanımayacaq”.

Bu barədə Milli Şuranın bəyanatında deyilir.

Sənəddə qeyd olunub ki, parlament seçkiləri kimi siyasi kampaniya ölkə gündəminə daxil ola bilmir.

"Buna səbəb seçki mühitinin olmaması, seçki təbliğatının hiss edilməməsi, azad rəqabət imkanlarının aradan qaldırılması, məhdud zaman daxilində belə namizədlərin ənənəvi televiziya debatlarının ictimai müzakirədən çıxarılması, parlament seçkilərinə olan marağın sıfıra enməsidir".

Milli Şura hesab edir ki, namizədlərin televiziya debatlarının gündəlikdən çıxarılması bir tərəfdən hakimiyyətin Milli Şuranın 2013-cü il prezident seçkiləri təcrübəsindən çıxardığı dərsin bilavasitə nəticəsi, digər tərəfdən isə 2018-ci ilin prezident seçkilərinə presedent yaratmaq cəhdidir.

Bəyanatda Milli Şura həmçinin, son illərdə siyasi partiya təmsilçiləri, ictimai hərəkat fəalları, insan haqları müdafiəçiləri, araşdırmaçı jurnalistlərin kütləvi həbslərinə toxunaraq, bu həbslərin vətəndaş cəmiyyətinin deyil, ilk növbədə seçki ideyasının çökdürülməsinə hesablandığı vurğulanıb.

“Təəssüflər olsun ki, parlament seçkiləri ərəfəsində siyasi məhbusların azad edilməsi istiqamətində heç bir real addım atılmadı”, sənəddə deyilir.

Bəyanatda ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun 1 noyabr seçkilərinə gəlişinə icazə verilmədiyi xatırlanıb.

“1200 nəfərdən bir qədər çox olan namizədlərin 500 nəfərə yaxını öz namizədliyini geri çəkmək məcburiyyəti qarşısında qaldı. Son 20 ilin parlament seçkiləri təcrübəsində bu ən aşağı göstəricidir. Milli Şura olaraq boykot qərarımızın doğruluğu öz təsdiqini tapdı.

Hakimiyyət xalqın seçki hüququnu mənimsədiyindən əhalinin seçici aktivliyinə ağır zərbə vurmuşdur. Xalq onsuz da heç bir əlavə çağırış olmadan bu seçkiləri boykot edir. Bunun üçün xüsusi hazırlığa və təşkilatlanmaya ehtiyac duyulmur. İndiyə qədər baş verənlər 1 noyabr seçkilərinin qiymətləndirilməsi üçün yetərlidir. Əslində, seçki hazırlıqları deyil, hakimiyyətin növbəti dəfə mənimsənilməsi prosesi başa çatdırılır. 1 noyabrın tədbirinin siyasi məzmunu və mahiyyəti bundan ibarətdir”, bəyanatda qeyd olunur.

XS
SM
MD
LG