Accessibility links

Bəxtiyar Hacıyev: Ümid edirəm yeni deputatlar qərbin mesajlarını səhv oxumayacaqlar [Video]


İctimai Siyasət İnstitutunun direktorunun Amerikanın Səsinə müsahibəsi

İctimai Siyasət İnstitutunun direktoru Bəxtiyar Hacıyev Amerikanın Səsinə müsahibəsində yeni çağırış Milli Məclisin siyasi spektri, yerli və beynəlxalq çağırışlara münasibəti, hökumətə və ictimai fikrə təsirlərindən danışıb.

Amerikanın Səsi: 5-ci çağırış Azərbaycan parlamentinin tərkibi artıq məlumdur. Yeni çağırış parlamentdə siyasi spektri necə təsvir edərdiniz?

Bəxtiyar Hacıyev: Seçkidən öncə də gözlənildiyi kimi parlamentdəki 125 yer üçün aparılan mübarizədə demək olar ki, yüzə yaxın dairədə əvvəlki seçkilərdə seçilmiş millət vəkilləri yenidən seçildi. Çox az bir fərq oldu, təxminən 27 yeni deputat seçilib. Ümumiyyətlə bu seçkini əvvəlki, 2010-cu il seçkisi ilə müqayisə etsək çox sönük bir şəraitdə keçdi. Mətbuatın, insanların seçkilərə marağı kifayət qədər az idi. Əvvəlki tərkibdən çox ciddi bir dəyişiklik olmadı, istər siyasi spektr baxımından, istər deputatların siyasi, partiya mənsubiyyəti baxımından.

Əsas məsələ odur ki, yeni seçilmiş və 4-cü çağırış seçkilərdə seçilmiş millət vəkilləri ölkədəki indiki ictimai-siyasi, sosial çağırışlara cavab verəcəklər yoxsa-yox. Mən fikriləşirəm ki, indi artıq neft qiymətlərinin dünya bazarlarında düşməsi, qlobal iqtisadi böhranın Azərbaycana müəyyən təsirlərinin olması ölkədə yeni dəyişikliklərə də gətirə bilər. Bu nədən ibarət ola bilər? Təbii ki, biz gözləyə bilmərik ki, istər yeni seçilmiş deputatlar, istər əvvəlki seçilmiş deputatlar hökumətin maraqlarına ciddi təhlükə sayıla biləcək məsələləri parlamentdə qaldırsınlar. Aydın məsələdir ki, seçkidə namizədlərin qeydə alınması prosesində də, səslərin sayılması prosesində də o namizədlərə üstünlük verildi ki, onlar hökumət üçün təhlükəli hesab edilmirdi. Yəni onlardan çox ciddi, hökumətə qarşı ciddi bir təkliflər, çağırışlar gözləmək sadəlövhlük olar. Amma buna baxmayaraq müəyyən dairələrdə, tutaq ki, sırf spesfik iqtisadi, siyasi, sosial bir problem var. O problemlərin uyğun bir dillə, yəni hökuməti qıcıqlandırmayacaq bir şəkildə alternativ həll yolları təlklif edərək, çağırışlar gözləmək olar.

Amerikanın Səsi: Yeni parlamentdə 27 yeni deputat olacağı gözlənilir. Bu nəyi dəyişə bilər? Parlamentin hökumətə və ictimai-siyasi fikrə təsirlərini necə proznozlaşdırırsınız?

Bəxtiyar Hacıyev: Yeni deputatların müəyyən hissəsinin təhcümeyi-halı ilə tanışam, müəyyən hissəsi haqqında isə araşdırma etdim. Yeni deputatlar qrupunu da əvvəlki deputatlar qrupu kimi üç yerə bölmək olar. Birincisi gözəgörünməzlər qrupu, yəni o qrupda olan insanlar sadəcə seçki dövründə istər seçicilərlə, istər media ilə, istər ictimai-siyasi mühitdə görünürlər. Amma ondan sonrakı 5 il ərzində nə parlamentin işində, nə seçicilərlə görüşlərdə, nə beynəlxalq əlaqələr istiqamətində və ya parlamentlərarası qrupların işində gözə dəymirlər. Eləcə də bu yeni seçiləcək 27 nəfərdən bir qismi o tip insanlardır. İkinci qismi yenə əvvəlki qrupda olan, yəni lazım olanda müxalif qüvvələri, yaxud da ki, xaricdəki, tutaq ki, Avropa, Amerikanı tənqid etmək üçün hökumətin özünün səsləndirmək istəmədiyi, amma millət vəkillərinin dilindən səsləndirmək istədiyi fikirləri kifayət qədər sərt formada, hətta bəzən təhqir formasında səsləndirmək üçün seçilir. Üçüncü qrup bir az ümidverici qrupdur, gənclərdən ibarətdir. Bunların arasında xaricdə təhsil almış gənclər də var. Hətta Harvard Universitetində təhsil almış bir gənc var, Brüsseldə çalışmış bir gənc var. Yəni o qrup bir az onlara verilmiş dairə çərçivəsində və onlara verilmiş səlahiyyətlər çərçivəsində müəyyən addımlar ata bilərlər. O qrupa bir az optimist yanaşmağın tərəfdarıyam. Bayaq qeyd etdim ki, çox kəskin, radikal bir dəyişikliklər gözlənilmir. Amma millət vəkilinin səlahiyyətləri çərçivəsində, istər qanunvericilik təşəbbüsləri baxımından, istər təmsilçilik baxımından, istərsə də hökumətə nəzarət funksiyası baxımından mütləq müəyyən qədər addımlar atacaqlarını gözləyirəm.

Amerikanın Səsi: Bəs, ictimai fikrə təsir baxımından?

Bəxtiyar Hacıyev: İctimai-siyasi proseslərə də, ictimai fikrə təsir baxımından da üçüncü qrup çox kiçik qrupdur yeni seçilənlər arasında, amma yenə də təsirlərinin olacağını gözləyirəm. Həmin o qrup ictimai fikrə təsir imkanları olduğuna görə, seçiliblər. Yəni onlar kiminsə qudası, kiminsə dayısı oğlu olduğuna görə yox, əvvəlki tərkibdə belə deputatlar çox idi, baş nazirin keçmiş müavinin oğlu var idi, kiminsə qudası var idi, indi də var. Yəni çox yaxın qohumluq əlaqələrinə görə yox, məhz ictimai fikrə təsir imkanlarına görə, alternativ həll yolları təklif edə biləcklərinə görə, beynəlxalq əlaqələrinin yaxşı olduğuna görə, bu üçüncü qrup seçilib.

Amerikanın Səsi: Yeni çağırış parlamentin hazırki iqtisadi-siyasi böhran dövründə beynəlxalq çağırışlara cavabı necə olmalıdır? Söhbət qərbin, Rusiyanın və beynəlxalq təşkilatların çağırışlarına cavabdan gedir.

Bəxtiyar Hacıyev: Bu çağırışlara cavabda da mən yenə nisbətən yeni seçilmiş və optimis yanaşdığım üçüncü qrupa ümid edirəm. Çünki əvvəlki tərkibdən hansısa yeni yanaşmalar gözləmək bir az sadəlövhlük olardı. Amma yeni gələn gənc millət vəkilləri bir az enerjili olacaqlar və müəyyən qədər də təşəbbüskar olmağa çalışacaqlar. Özlərini həm cəmiyyətə, həm də ölkə rəhbərliyinə sübut etmək üçün. Ümid edirəm ki, onlar hakimiyyətə müəyyən bir dildə, münasib bir dildə başa salmağa çalışacaqlar ki, xüsusilə də qərb institutları ilə münasibətləri bu şəkildə korlamaq Azərbaycanın maraqları çərçivəsində deyil. Yəni Avropa Parlamenti bir qətnamə qəbul etdi və Avropa institutları ilə bütün körpülər demək olar ki, yandırıldı. Amma mən ümid edirəm ki, məhz bu yeni seçilən millət vəkilləri bu çağırışları uyğun bir dildə oxuyacaqlar, qərbin verdiyi mesajları səhv oxumayacaqlar, doğru oxuyub, doğru interpretasiya edib, lazımi addımlar atacaqlar.

XS
SM
MD
LG