Accessibility links

Əli Kərimli: Bu, birbaşa İlham Əliyevdən gələn siyasi tapşırıqdır


Əli Kərimli
Əli Kərimli

Ədliyyə Nazirliyi AXCPnin sənədlərini geri qaytarıb

Azərbaycan Ədliyyə Nazirliyi Əli Kərimliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) sədri kimi tanımayıb. AXCP-nin 6 (9)-cı qurultayı bu il sentyabrın 27-də keçirilib.Qurultayda 800-ə yaxın nümayəndə iştirak edib.

Nazirlik AXCP-nin səbnədlərini qgeri qaytarmasını AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin də AXCP adına iddia etməsi ilə əsaslandırıb. Belə ki, Nurullayevin rəhbərlik etdiyi qurum AXCP-nin qurultaından sonra “etimad qurultayı” adlı forum keçirərərk AXCP adına iddia etdiyini bildirib.

AXCP sədri Əli Kərimli Turan agentliyinə müsahibəsində Ədliyyə Nazirliyinin AXCP-nin qeydiyyatından imtinasına münasibət bildirib. Müsahibəni təqdimn edirik:

- Ədliyyə Nazirliyinin qərarından sonra açıqlamanızda bildirmisiniz ki, qərar qanunsuzdur. Arqumentiniz nədir?

- Qanunvericiliyə edilən dəyişikliyə görə, qurultay keçiriləndə, yeni rəhbərlik formalaşdırılanda bunlar dövlət reyestrinə daxil edilməlidi. Əvvəl belə şeylər olmayıb. 1992-ci ildə "Siyasi partiyalar haqqında" qanun qəbul olunub və partiyalar qeydiyyatdan keçəndən sonra tam müstəqil fəaliyyət göstəriblər, Ədliyyə Nazirliyinə, hökumətə heç bir aidiyyəti olmayıb. Ola bilsin ki, bəlkə də gələcəkdə bizə tətbiq etmək üçün bu düzəlişi elədilər. Həmin düzəlişə əsasən, biz qurultayın sənədlərini təqdim etməliyik ki, yeni formalaşmış rəhbərlik dövlət reyestrinə daxil edilsin. Ədliyyə Nazirliyi bizim sənədlərimizi geri qaytarıb. Bəhanə eləyiblər ki, bu ad altında başqa adamlar - Razi Nurullayevin dəstəsi də Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyinin hərəkəti tam qanunsuzdur. Çünki Razi Nurullayev özü mətbuat konfransı keçirib, telekanallar da bunu yayıb, orada elan edib ki, mən onu AXCP-də sədr müavini vəziyəsindən uzaqlaşdırandan sonra özü AXCP-dən istefa verib. Yəni AXCP-yə heç bir aidiyyəti olmadığını milyonlarla vətəndaşın qarşısında ifadə edib. O cümlədən onun ətrafında olan adamlar da ya uzun illər əvvəl Xalq Cəbhəsindən istefa veriblər, ya da partiyanın müvafiq strukturları tərəfindən təşkilatdan uzaqlaşdırılıblar. Yəni söhbət 5-6 nəfər vaxtilə Xalq Cəbhəsində olmuş və qanuni yolla partiyadan çıxarılmış adamlardan gedir ki, onların heç birinin AXCP adından danışmaq haqqı yoxdur. Partiyanın qurultayı da Nizamnaməyə tam uyğun keçirilib və ona görə də baş verənlər aydındır. Mən detalların üzərində dayanmaq istəmirəm, onsuz da oxucular da, dinləyicilər də bilirlər ki, hökumətin bizim partiyamıza münasibəti xüsusidir. Bizim hökumətə münasibətdə prinsipial mövqeyimizi həzm eləyə bilmirlər. Neçə illərdir ki, bu partiyanı yapratmaq üçün çalışırlar. Hələ 2003-cü ildə bizim partiyanın qeydiyyatını bir dəfə ləğv eləmişdilər. O zaman partiyanın qeydiyyatını BAXCP adlanan, Qüdrət Həsənquliyevin dəstəsinə vermişdilər. 9 gündən sonra bu qərarı ləğv elədilər. Ondan sonra - 2006-cı ildə bizim partiyamızı qərargahdan məhrum elədilər, uzun müddət qərargahsız qaldıq. 2011-ci ildə icarəyə götürdüyümüz qərargahın qapılarına qaynaq vurdular. 2013-cü ildə icarəyə götürdüyümüz başqa bir qərargahı 2014-cü ilin fevralında partlatdılar. On ildir ki, mənə pasport vermirlər. Hər şey eləyirlər ki, partiyanı zəiflətsinlər, sıradan çıxartsınlar. Partiyada olan fəalları ələ almağa çalışırlar, onları şirnikləndirmək üçün pul, vəzifə təklif edirlər. Bunlar alınmayanda həbs eləyirlər. Bu gün AXCP Rəyasət Heyətinin üzvlərinin üçü siyasi məhbus həyatı yaşayır. Ümumilikdə isə partiyadan yeddi nəfər siyasi məhbus var. Gördülər ki, fəaliyyətlərini məhdudlaşdırmaqla, həbs eləməklə Xalq Cəbhəsinin öhdəsindən gələ bilmirlər. Bu hökumətin siyasi sifarişi ilə Ədliyyə Nazirliyi ədliyyə funksiyasından istifadə edərək, siyasi vasitəyə çevrilərək, hökumətin siyasi tapşırığını yerinə yetirib və Xalq Cəbhəsini bu yolla hüquq dışında qoymağa çalışırlar. Amma bunların hamısı Xalq Cəbhəsinin fəaliyyətinə ciddi təsir göstərməyəcək.

- Bəs bu qərarın partiyaya hüquqi baxımdan təsiri, mənfi nəticəsi ola bilərmi?

- Bəli, hüquqi baxımdan ola bilər. Guya, bu məsələ mübahisəlidir, ona görə biz məhkəməyə müraciət edəcəyik. Amma, Azərbaycanda məhkəmələrin necə işlədiyi hamıya məlumdur. Məhkəmələrə rəhbərlik edən Ədliyyə Nazirliyi belə bir mövqe bildiribsə, deməli, məhkəmənin də nəticəsi əvvəlcədən bəllidir. Bu, birbaşa İlham Əliyevdən gələn siyasi tapşırıqdır. Yəqin ki, məhkəmələr də bu xətti davam etdirəcəklər. Hüquqi baxımdan, bütövlükdə bu proses perspektivdə Xalq Cəbhəsinin legitim strukturlarına problem yarada bilər. Amma, biz Avropa Məhkəməsinə müraciət edəcəyik. Eyni zamanda, faktiki fəaliyyətimizi də davam etdirəcəyik. Qanuni şəkildə qeydiyyatda olanda bizə hər hansı hüquqlar və imtiyazlar tanımayıblar ki, indi bizim qeydiyyatımıza problem yarananda həmin hüquq və imtiyazlar əlimizdən çıxsın. Əgər biz qanuni qaydada qeydiyyatdan keçib fəaliyyət göstərəndə ofisimiz olsaydı, indi narahat olardıq ki, hüquqi şəxs kimi bəlkə ofisdən istifadəmizə mane olarlar. Əgər hüquqi şəxs olaraq, qeydiyyatdan keçən zaman dövlət maliyyələşməsinə yaxın buraxılsaydıq, indi düşünərdik ki, qeydiyyatımız ləğv olunandan sonra dövlət maliyyələşməsindən kənar qalarıq. Yaxud ölkədə proporsional seçki sistemi olsaydı, o zaman fikirləşərdik ki, seçkidə iştirak üçün bizə müəyyən problemlər yarana bilər. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyatda olmağı faktiki bizə hüquqi çərçivədə hər hansı üstünlük tanımır. Məsələn, bir çox təşkilatlar var ki, onların qeydiyyatı yoxdur, amma onlarla bizim faktiki fəaliyyətimizdə heç bir fərq yoxdur. Hər cür basqı altında fəaliyyət göstəririk. Bizim fəaliyyətimiz əsasən, əhali, rayon təşkilatları arasında, sosial şəbəkələrdədir, kütləvi aksiyalardadır, media ilə işdir.

- Sizcə indiki məqamda belə bir qərarın verilməsinin səbəbi nədir?

- Əslində, hökumət xoş günündən belə bir tədbir görməyib. Hökumət hazırda çox ciddi problemlərlə üz-üzədir. Yaxın vaxtlarda ölkədə sosial-iqtisadi gərginliyin daha da artacağı proqnozlaşdırılır. 2016-cı ildə sosial-iqtisadi böhranın pik həddə çatacağı gözlənilir. 2014-2015-ci ildə biz keçirdiyimiz mitinqlər sübut etdi ki, bütün basqılara rəğmən, bu gün də ölkədə protest elektoratını, hökumətdən narazı kəsimi səfərbər edən, kütləvi aksiyalara aparıb belə aksiyaları, hərəkatları idarə etmək imkanı yalnız Milli Şurada, o cümlədən Xalq Cəbhəsindədir. Ona görə də biz hədəf seçilmişik. Yəni, hökumət öz aləmində düşünür ki, əsas alternativi olan prinsipial müxalifət partiyasını, ölkənin hər yerində təşkilatlanmış və minlərlə fəalı hər zaman səfərbər edə bilən qüvvənin başını bu yolla qatacaq ki, sosial-iqtisadi böhran dövründə ona qarşı kütləvi xalq hərəkatı formalaşmasın. Amma çox nahaq buna ümid edir. Biz xalqımızla işi bir gün də dayandırmayacağıq. Hər zaman olduğu kimi, yenə də əzilən, hüquqları pozulan vətəndaşlarımızın yanında olacağıq. Yenə də xalqdan sosial sifariş gələn zaman sosial aksiyaların önündə olacağıq. Fəaliyyətimiz faktiki əvvəlki qaydada davam edəcək. Bu prosesdə hökumətin edə biləcəyi ən son sanksiya partiya rəhbərliyinə, funksionerlərinə qarşı qanunsuz həbslərin tətbiqidir. Amma, Xalq Cəbhəsi nə zaman qanunsuz həbslər görməyib? Nə zaman bu cür həbslərə görə qorxub? Bir az əvvəl də qeyd etdiyim kimi, hazırda partiyanın 7 funksioneri siyasi məhbus həyatı yaşayır. Xalq Cəbhəsi öz mübarizəsini davam etdirəcək. Azərbaycan hökuməti bu hərəkətilə özünü dünya miqyasında rüsvay etmiş olacaq. Bir daha göstərəcək ki, Azərbaycan hökuməti tam avtoritarlaşıb, gerçək müxalifətin hüquqi cəhətdən varlığına dözə bilmir. Tam birpartiyalı sistem yaratmaq istəyir, ölkədə bir hakim partiya olsun, yerdə qalan, hətta özünü müxalifət adlandıran partiyalar da həmin hakim partiyadan asılı olsun, onun "dirijor çubuğu" ilə idarə olunsun. Hökumətin arzusu, istəyi budur. Amma inşallah, bu arzu onların gözündə qalacaq. Əminəm ki, Xalq Cəbhəsi bu qərardan sonra daha da güclənəcək. Çünki narazı insanlar, demokratik dəyişiklik arzulayanlar bir daha əmin oldular ki, ölkədə bu hakimiyyətin çəkindiyi, özünə alternativ gördüyü təşkilat Xalq Cəbhəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG