Accessibility links

Aslan İsmayılov: MTN heç bir qanunsuz işi prokuror və hakimin icazəsi olmadan edə bilməz [Video-müsahibə]


Aslan İsmayılov: Azərbaycanda normal cəmiyyətin olması üçün sadəcə qanunlar icra olunmalıdır
please wait

No media source currently available

0:00 0:07:29 0:00

Aslan İsmayılov: Azərbaycanda normal cəmiyyətin olması üçün sadəcə qanunlar icra olunmalıdır

Viza Hüquq Firmasının təsisçisinin Amerikanın Səsinə müsahibəsi

Viza Hüquq Firmasının təsisçisi, vəkil Aslan İsmayılov Amerikanın Səsinə müsahibəsində Cəzasızlığa qarşı Beynəlxalq Gün, Azərbaycanda cinayətə görə cəza, müxtəlif cinayətlərin üstünün açılmamasının səbəblərindən danışıb.

Amerikanın Səsi: Noyabrın 23-ü Cəzasızlığa qarşı Beynəlxalq Gündür. Azərbaycanda cinayət edib cəzasız qalanlar varmı?

Aslan İsmayılov: Nə qədər istəyirsiniz. İllər boyu bu davam edir və vaxtaşırı bir görüntü yaradılır ki, cəzalandırılırlar. Məsələn, 2005-ci ildə Hacı Məmmədovun dəstəsi ifşa olundu. İstintaq dövrü müəyyən olundu ki, onlar on illərdir bu cinayəti davam ediblər və bunu hamı bilib, hamı da susub. Məqam gələndə, öz aralarında bir razılıq olmayanda onu cəzalandırdılar. Bu il “MTN işi” adı ilə məşhur olan bir iş. Yenə bu günlər mətbuatdan izləyəndə görürsünüz ki, on illərdir həmin Milli Təhlükəsizlik Nazirliyinin o səlahiyyət sahibləri iş adamlarının başına torba keçirib aparıb əmlakını əlindən alıb. Amma, yenə cəzasızlıqdır. Bu günləri deyək, hansı əsaslarla, niyə bəs bu gün onları cəzalandırdılar, o da hələ cəmiyyət üçün sirdir. Yaxşı deyək, 2005-ci ildə Züfiqarlı qardaşlarının başına torba keçirib, aparıb Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində əmlaklarının 80 faizini əllərindən aldılar. Biz bunu sənədlərlə bütün ölkəyə göstərdik. Torbanı keçirənlər bəlli, bu gün o əmlaklar kimin adınadır bəlli, yadınızdadırsa elə sizlə görüşdə dedik, guya həmin yüz milyon dəyəri olan zavodları Lerik rayonundan Gəray adlı bir çoban alıb. Biz o çobanın da şəxsiyyətini sizə nümayiş etdirdik. Amma, bu gün də o cəzasızlıqdır.

Amerikanın Səsi: Düz dörd il öncə noyabrın 23-də yazıçı-publisist Rafiq Tağı, 2005-ci il martın 2-də jurnalist Elmar Hüseynov qətlə yetirilib. Neçə illərdir Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti Mahir Abdullayevin itkin düşməsi ilə bağlı istintaq yekunlaşmayıb. Jurnalist Xədicə İsmayılın mənzilinə gizli kamera qoyulması və sairə kimi işlər də var. Bu cinayət işlərinin açılmamasının səbəbləri nədir?

Tam məsuliyyətlə deyirəm ki, bu gün Azərbaycan qanunvericiliyi icra olunsa Avropa ölkələrinə uyğun bir cəmiyyət bizdə də qurmaq olardı.

Aslan İsmayılov: İdarəetmə. Ancaq, idarəetmə və hakimiyyətin istəyinin olmaması. Bunu bir çoxları bəzən, qanunvericiliyin təkmil olmaması ilə bağlayır, bir hissəsi istəyir mütəxəssislərin olmaması ilə əlaqələndirə, heç bir əsası yoxdur. Tam məsuliyyətlə deyirəm ki, bu gün Azərbaycan qanunvericiliyi icra olunsa Avropa ölkələrinə uyğun bir cəmiyyət bizdə də qurmaq olardı. Mütəxəssislərə gəldikdə isə yenə sizi əmin edirəm ki, əgər siyasi iradə olub, tapşırıq verilsə həm Daxili İşlər Nazirliyində, həm Milli Təhlükəsizlik Nazirliyində, həm prokurorluq sistemində kifayət qədər təcrübəli, savadlı şəxslər var ki, həmin cinayətləri dərhal açarlar. Sadəcə istək olmayıb, açılmayıb. O qətllərdir və sair, guya bunun bir çətinliyi var? Amma, sizə deyirəm çətinliyi yoxdur. İstək yoxdur. Mənim özümü 2013-cü ildə banditizmdə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutulur-red) bir müstəntiq vurdu, təhqir etdi, ölümlə təhdid etdi, çıxdım bütün Azərbaycana bəyan etdim ki, bunu edən Canpolad Daanov adlı birisidir. Onu cəzalandırmaq əvəzinə az müdət sonra Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin müstəntiqi vəzifəsindən rəisi vəzifəsinə qoydular. Yəni hakimiyyət istəsə idi, həmin Daanov indi cəzaçəkmə müəssisəsində cəzasını çəkərdi. Amma, hakimiyyətə sərf etdiyinə görə əksinə, onu vəzifə ilə mükafatlandırdı. İstək olsa, mən sizi əmin edirəm ki, sadaladığınız bütün cinayət işlərinin açılmasına bir ay kifayətdir.

Amerikanın Səsi: Azərbaycanda cinayət edib cəzasız qalmanın səbəblərini nədə axtarmaq lazımdır? Cəzasızlığın aradan qaldırılması üçün nə edilməlidir?

Dövlət iki halda sarsılar, cinayət olub, cəza olmayanda, günahsıza cəza veriləndə. Bizdə bu gün bu iki halın ikisi də mövcuddur.

Aslan İsmayılov: Azərbaycanda normal cəmiyyətin olması üçün sadəcə qanunlar icra olunmalıdır. Bizdə deyək, seçki haqqında qanun var, bələdiyyə seçkiləri, parlamentə seçkilər, prezident seçkiləri. Amma, bizdə seçki olurmu? Bu yaxınlarda parlament seçkiləri keçirildi. Heç ölkə hiss etdimi, elə bir seçki keçirilib. Qanun pozuldu və o cür də bütün qanunlar icrasız qalır. İndi biz deyirik insan hüquq və azadlığı pozulur, ölkədə korrupsiya tüğyan edir, rüşvətxorluq və digər insan haqlarının pozulması və s. Bunların hamısının aradan qaldırılması üçün bircə addım lazımdır. Bələdiyyə, parlament və prezident seçkiləri şəffaf və dürüst keçirilməlidir. Mən ürək ağrısı ilə Milli Təhlükəsizlik Nazirliyində baş verənləri izləyirəm. Ona görə ki, Milli Təhlükəsizlik Nazirliyi müstəqil dövlətin sütunlarından biridir. Bu keçmiş KQB (keçmiş Dövlət Təhlükəsizlik Komitəsi nəzərdə tutulur-red) deyil ki, sevinək ki, bax onları yaxşı çarmıxa çəkirlər. Bu, bizim dövlətimizin qoruyucusudur. Amma, bu gün baş verənlər biabırçılıqdır. Bu günləri sanki həm çəmiyyət, həm mətbuat hamı bri-biri ilə bəhsə girib ki, kim daha çox Milli Təhlükəsizlik Nazirliyinin ünvanına təhqir yağdıracaq. Amma, bir dənə fikir yürüdən yoxdur ki, Milli Təhlükəsizlik Nazirliyi heç bir qanunsuz işi prokurorluğun, ya hakimlərin icazəsi olmadan edə bilməzdi. İndi deyirlər qanunsuz həbslər. Axı, Milli Təhlükəsizlik Nazirliyi heç kimi həbs edə bilməzdi. Onun həbs etməsi üçün təqdimat verən prokuror lazım idi. Həmin təqdimatı baxıb təsdiq edən hakim lazımdır. Bu qədər generallar tutuldu. Niyə bir nəfər prokuror, bir nəfər hakim bunlarla bir yerdə həmin işi görənlər cəza almırlar? Nə qədər ki, belə seçilmişlərə qarşı cəza təyin ediləcəkdi, o qədər də... Bax 2005-ci il Fərhad Əliyev, Əli İnsanovun işi, sonra Hacı Məmmədovun işi, indi MTN-nin işi, vaxtaşırı baş qatmaq üçün bu şoular olacaq. Min illər bundan əvvəl qədim yunanların bir deyimi olub: Dövlət iki halda sarsılar, cinayət olub, cəza olmayanda, günahsıza cəza veriləndə. Bizdə bu gün, bu iki halın ikisi də mövcuddur.

Müəlliflərdən: Rəsmi Bakı ölkədə ədalətli hüquq sisteminin olduğunu iddia edir. Rəsmilər Azərbaycanın Avropa hüquq məkanına daxil olduğunu və yerli məhkəmə qərarlarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət verildiyini qeyd edir.

Eyni zamanda, son günlər milli təhlükəsizlik, rabitə və yüksək texnologiyalar nazirləri vəzifəsindən azad edilib. Hər iki nazirliyin yüksək vəzifəli şəxsləri həbs edilib. Ölkə prezidenti Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini kəskin tənqid edib.

XS
SM
MD
LG