Accessibility links

Leyla Yunus azadlıqda [Video]


Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Leyla Yunusu şərti olaraq azadlığa buraxıb.

Belə ki, Bakı Apellyasiya Məhkəməsi dekabrın 9-da həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunus barəsində qərarını elan edib.

Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə, məhkəmə vəkillərin Leyla və Arif Yunuslar barəsində bəraət hökmü çıxarılması barədə vəsatətlərini təmin etməyib. Lakin Aperllyasiya Məhkəməsi onlar barəsində Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişib.

Leyla Yunusun ittiham olunduğu Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə bağlı müddət keçdiyindən həmin maddə üzrə təyin olunan cəzalar hökmdən xaric olunub.

Leyla Yunus və Arif Yunus (foto Meydan TV)

Leyla Yunus və Arif Yunus (foto Meydan TV)

Leyla Yunusun barəsində təyin olunan 8 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab olunub. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Eyni zamanda Arif Yunus barəsində 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

Məhkəmə Leyla və Arif Yunusların övladı Dinara Yunusa məxsus evin müsadirə olunması barədə Ağır Cinayətlər Məhkəməsinin qərarını da ləğv edib.

Leyla və Arif Yunuslar ötən ilin iyulunda həbs olunublar.

Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.

Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Bu ilin avqustunda Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib.

Arif Yunus səhhətində yaranan problemlərə görə bu il noyabrın 12-də başqa yerə getməmək barədə iltizam alınaraq azadlığa buraxılıb.

XS
SM
MD
LG