Accessibility links

Natiq Cəfərli: Xaotik durumun olmaması üçün yeganə şərt islahatlardan keçir [Video-Müsahibə]


Natiq Cəfərli: Bu siyasi böhranla nəticələnəcək
please wait

No media source currently available

0:00 0:08:04 0:00

Natiq Cəfərli: Bu siyasi böhranla nəticələnəcək

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində ölkədə manatın son devalvasiyası, bunun iqtisadiyyata, sosial-siyasi duruma təsirlərindən danışıb.

Amerikanın Səsi: Manatın son devalvasiyası 2016-cı ilin dövlət büdcəsinin gəlir və xərclərinə hansı dəyişiklik edə bilər? Ümumiyyətlə iqtisadiyyatda hansı dəyişikliklər gözlənilir?

Amma, bu devalvasiyanın 2016-cı il büdcəsinin həm gəlir, həm də xərclər hissəsinə ciddi təsiri o mənada olacaq ki, iqtisadi aktivlik zəiflədikcə vergi gəlirləri aşağı düşəcək.

Natiq Cəfərli: Əslində bu gün baş verən kəskin devalvasiyaya ciddi lüzum yox idi. Çünki ölkə iqtisadiyyatı hələ fevral ayında baş verən 35 faizlik devalvasiyanı hələ həzm etməmişdi və ciddi probelmlər yaşanırdı. Ona görə də indi belə kəskin devalvasiyanın olmasının çox böyük fəsadları olacaq. Hökumətin düşüncəsində yeganə müsbət addım o olacaq ki, 2016-cı il büdcəsinə Neft Fondundan 6 milyard dollar (1 dollar=1,05 manat məzənnə ilə) transfert olunmalı idi, indiki yeni məzənnə ilə (1 dollar= 1,55 manat məzənnəsi-red) 40 faiz az dollar transfert olunacaq. Bundan Neft Fondu təqribən 2 milyard dollar qənaət edəcək. Yeganə pozitiv tərəfi budur. Bir də Mərkəzi Bankın valyuta ehtiyatının kəskin azalmasının sürəti azalacaq. Bundan başqa, heç bir pozitiv addım olmayacaq. Amma, bu devalvasiyanın 2016-cı il büdcəsinin həm gəlir, həm də xərclər hissəsinə ciddi təsiri o mənada olacaq ki, iqtisadi aktivlik zəiflədikcə vergi gəlirləri aşağı düşəcək. Yəni insanlar işləmədikcə, pul qazana bilmədikcə daha az vergi ödəyəcək. Bu da vergilərdə nəzərdə tutulmuş təqribən 7,2 milyard manatlıq ölkə büdcəsinə daxil olmaların yerinə yetirilməməsi ilə nəticələnəcək, vergi kəsiri yaranacaq.

Amerikanın Səsi: Devalvasiyadan sonra bazarda qiymətlər necə dəyişəcək?

Natiq Cəfərli: Azərbaycanda idxaldan ciddi asılılıq var. Nə qədər hökumət bəyan etsə də ərazaq bazarında 55 faiz yerli məhusllardır. Bu həqiqəti tamamilə əks etdirmir. Çünki yerli məhsul adı altında bazara çıxan məhsulların böyük əksəriyyətinin xammalı xaricdən gətirilir. Məsələn, marketlərdə ən çox rastımıza çıxan yerli çay, süd məhsullarıdır. Onların hazırlanması üçün xammal, çay məhsullarında məsələn 90 faiz xammal xaricdən gətirilir. Sadəcə burada qablaşdırılaraq satışa çıxarılır. Süd məhsullarında da süd tozunun böyük əksəriyyəti xaricdən gətirilir və burada məhsul hazırlanır. Bu anlamda da Azərbaycan idxaldan ciddi şəkilıdə asılıdır. Təbii ki, belə kəskin devalvasiyadan sonra inzibati üsullarla, əmrlə, polis nəzarəti ilə, vergilər nəzarəti ilə qiymətləri aşağı səviyyədə saxlamaq mümkün olmayacaq. Çünki biznesin öz qaydaları var. Ciddi infilyasiya gözlənilir. Ən az etimalla yaxın gələcəkdə qiymətlər 25-30 faiz qalxacaq.

Amerikanın Səsi: Üzən məzənnə siyasəti və əhalinin əmək haqları. Bu şəraitdə əhalinin əmək haqları necə hesablanmalıdır?

Natiq Cəfərli: Azərbaycanda hökumətin və Mərkəzi Bankın təqdim etdiyi üzən məzənnə çox normal bir iqtisadi termin olsa da, bunun həyata keçirilməsi üçün şərait yoxdur. Əslində üzən məzənnə adı altında yenidən inzibati yolla məzənnənin təyin olunması prosesinin şahidi oluruq. Yəni, Mərkəzi Bank yenə hər səhər rəsmi məzənnəni elan edəcək. Əslində, üzən məzənnəyə keçid üçün bir infrastruktur olmalı idi. Bu qiymətli kağızlar bazarı, valyuta birjası, ölkəyə çoxlu sayda valyuta gətirən şirkətlərin olması, azad rəqabətin, mühitin olması, - bütün bunlar üzən məzənnəyə keçid üçün bir hovuz təşkil etməli idi. Azərbaycanda bu yoxdur və üzən məzənnə adı altında yenidən inzibati yolla məznnənin təyin olunması prosesi baş verəcək. Əmək haqlarına gəldikdə isə Azərbaycanda çox az bir kəsim var ki, xarici şirkətlərdə işləyən və yaxud xaricdə işləyən, - onlar valyuta ilə maaş alırlar. Təbii ki, məzənnənin aşağı düşməsi onlara müsbət təsir göstərəcək. Amma, əhalinin böyük əksəriyyətinə bunun çox mənfi təsirləri olacaq. İnanmıram ki, Azərbaycanda maaşların indeksasiyası devalvasiyaya uyğun şəkildə həyata keçiriləcək. Maaşlar, pensiyalar və müavinətlər ən yaxşı halda rəsmi inflyasiya səviyyəsinə görə indeksləşiriləcək, bu da cəmi 4 faizdir. İndi, dekabr ayında elan etdilər. Ən yaxşı halda gələn il büdcə təşkilatlarında çalışanların maaşı 4 faiz artacaq. Amma, qiymətlərin həm ərzaq, həm də qeyri-ərzaq məhsullarında təqribən 30 faiz artması gözlənilir.

İki dəfədən çox qiymətdən düşən manatın 4 faizlə kompensasiya edilməsinin əhaliyə heç bir xeyri olmayacaq.

Aztəminatlı ailələrə, təqaüdçülərə və sosial müavinət alan əhaliyə çöx pis təsir edəcək. Ən ağır durumda onlar olacaq. Çünki, devalvasiyanın bir il ərzində bu səviyyədə olması, təsəvvür edin, Azərbaycan manatı az qala iki dəfəyə yaxın qiymətdən düşdü. İki dəfədən çox qiymətdən düşən manatın 4 faizlə kompensasiya edilməsinin əhaliyə heç bir xeyri olmayacaq.

Amerikanın Səsi: Devalvasiya sosial-siyasi narazılıqlar yarada bilərmi? Əgər yaranarsa hökumət bu narazılıqları necə idarə etməlidir?

Natiq Cəfərli: Təbii ki, bu addım çox böyük sosial gərginlik yaradacaq. Çünki ilk devalvasiyadan sonra görünən odur ki, hətta rəsmi etiraf da olundu ki, 30 mindən çox iş yeri qapadılıb. Amma qapadılan iş yerlərinin sayı həddindən artıq yüksəkdir. Bu birinci devalvasiyanın nəticəsi idi. İkinci devalvasiyadan sonra sürətlə iş yerlərinin qapanması, ticarət dövriyyəsinin, gəlirlərin azalması prosesi gedəcək. İlk zərbə təbii ki, banklara dəyəcək. Banklarda çalışan 11 minə yaxın insanın ən azından yarısı ixtisara düşmək təhlükəsi qarşısında qalacaq. Ciddi şəkildə bankların bağlanması təhlükəsi var. Bir neçə banklar tamamilə bağlanacaq, bəziləri isə obrazlı desək iri banklar tərəfindən udulacaq. Yəni bank sektorunda ciddi problemlər yaşanacaq. Bank sektorunda yaşananlar təbii ki, kreditlərə də sirayət edəcək. Azərbaycanda təqribən 2 milyon 400 minə yaxın kredit borcu olan vətəndaş var. Əhalinin az qala hər üç nəfərindən birinin kredit borcu var. Bunun böyük bir hissəsi, təqribən üçdə biri dollar kreditləridir, valyuta kreditləridir. Onsuz da orada ciddi problem yaşanırdı. İnsanlar kreditlərini geri qaytara bilmirdi. İndi bu proses daha da sürətlənəcək. Təsəvvür edin ki, yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda 900 milyona yaxın problemli kredit var idi. Noyabrın 1-nə bu problemli kredirlərin həcmi 1,6 milyarda qalxdı. Bu devalvasiyanı da nəzərə alsaq ilin sonunadək problemli kreditlərin 2 milyardı keçməsi ehtimalı var. Gələn il bu proses daha da artacaq. Yəni insanların sadəcə kreditlərini geri qaytarmağa imkanları olmayacaq. Bu həm bank sektoruna, həm ticarət dövriyyəsinə aiddir. Onu da nəzərə almaq lazımdır ki, büdcədən ayırmalarda da ciddi azalmalar var. Nəzərə almaq lazımdır ki, gələn il büdcə təqribən 4,2 milyard manat azalacaq. Bunun 3,8 milyard manata yaxını investisiya xərcləridir. Yəni təmir-tikinti işləri dayanacaq. Təmir-tikinti işlərində on minlərlə insan çalışır. Bunların işsiz qalması ehtimalı var. Gələn ilin ən böyük problemi işsizlik, gəlirlərin azalması və sosial gərginliyin artması fonunda baş verəcək. Həm iqtisadiyyatda, həm siyasətdə, həm idarəetmədə, həm sosial siyasətdə ciddi islahatlara ehtiyac var. Ən azından azad məhkəmələrin yaradılmasına ehtiyac var ki, investor güvən qazansın və ölkəyə gəlsin. Ən azından gömrükdə ciddi islahatlara ehtiyac var ki, insanlar ölkədən istədikləri malı çıxara və gətirə bilsinlər və bunun üçün rüşvət ödəməsinlər. Ən azından vergi sistemində islahatlara ehtiyac var ki, Azərbaycanda fiziki və hüquqi şəxslər, ən çox da hüquqi şəxslər bir neçə vergi növü üzrə vergi ödəmələrinə məruz qalırlar. Halbuki bunu bir normal şəraitə salmaq lazımdır. Yəni köklü iqtisadi və siyasi islahatlarla bağlı proqramlar qəbul olunmasa ciddi sosial-iqtisadi problemlər gözlənilir. Bu da siyasi böhranla nəticələnəcək və xaotik bir duruma gətirib çıxarma ehtimalı var. Ölkədə heç kim xaosun yaranmasını istəmirsə, (biz istəmirik) ağlı başında olan heç kim bunu istəməz. Xaotik durumun olmaması üçün yeganə şərt islahatlardan keçir.

XS
SM
MD
LG