Accessibility links

Elmar Məmmədyarov: Avrasiya İqtisadi İttifaqına üzv olmaq Azərbaycanın gündəliyində deyil


Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov

Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov

Xarici İşlər Naziri ilin yekunları ilə bağlı brifinq keçirib

“Hazırda Avrasiya İqtisadi İttifaqı adlanan təşkilata üzv olmaq məsələsi Azərbaycanın gündəliyində deyil, təşkilat və ya üzv dövlətlər tərəfindən də Azərbaycana bununla bağlı hər hansı rəsmi müraciət edilməyib”. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə “Qazaxıstan və Belarus Azərbaycanı Avrasiya İttifaqında görmək istədiklərini bəyan ediblər, Azərbaycan hansı halda bu İttifaqa üzv ola bilər?” sualına cavabda deyib.

Nazir sual edib: “Azərbaycan əraziləri Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan tərəfindən işğal edildiyi və məlum səbəblərə görə bu iki dövlət arasında hər hansı əlaqələrin olmadığı şəraitdə Azərbaycanın Ermənistanla iqtisadi və gömrük birliyini nəzərdə tutan bu qurumda iştirakı necə mümkün ola bilər?”

O bildirib ki, hazırki şəraitdə Ermənistan Avrasiya İqtisadi İttifaqı ölkələrinin heç biri ilə sərhədə malik deyildir. “Azərbaycanın qoşulub-qoşulmaması kimi gələcəyə aid sualdan asılı olmayaraq, Ermənistanın heç olmasa digər üzv dövlətlərlə səmərəli nəqliyyat dəhlizi imkanları olmalıdır. Digər üzv ölkələrlə Ermənistanı birləşdirən əsas və optimal nəqliyyat arteriyaları, o cümlədən dəmir yol xətti tarixən Azərbaycan ərazisindən keçirdi. Ona görə də ilk növbədə bütün region üçün təhlükə olan və ümumilikdə regional əməkdaşlığa mane olan Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır. Nəticə etibarilə, Ermənistan və Azərbaycan arasında qurulacaq əlaqələrin tərkib hissəsi kimi Avrasiya İqtisadi İttifaqı ölkələri Ermənistana çıxış üçün əlverişli nəqliyyat tranziti imkanları əldə edə bilərlər. Lakin, bu hələ Azərbaycanın bu təşkilata üzvlüyü demək deyildir”.

Məmmədyarov əlavə edib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının digər üzv dövlətləri ilə ikitərəfli əsasda intensiv və qarşılıqlı faydalı siyasi, iqtisadi, ticarət və humanitar əlaqələri mövcuddur. “Birgə və davamlı səylər vasitəsilə bu əlaqələrin daha da inkişafı üçün böyük perspektivlər vardır”, o qeyd edib.

XS
SM
MD
LG