Accessibility links

Əli Həsənov: ABŞ-la qarşılıqlı ünsiyyətlərin sayı azalıb [Video]


Əli Həsənov Amerikanın Səsinin suallarını cavablandırıb

“Biz Kristofer Smitin qanun layəsini bir konqresmenin təşəbbüsü kimi qiymətləndirmişik və qiymətləndirməkdə davam edirik. Kristofer Smitin anti-Azərbaycan təşəbbüslərinin sayı-hesabı yoxdur. Bununla bağlı mən mətbuatda çıxış etmişəm". Bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Amerikanın Səsinin suallarına cavabda bildirib.

Həsənov düşünür ki, ABŞ-ın Azərbaycanla bağlı maraqlarını, münasibətlərinin əhəmiyyətini, Azərbaycanla tərəfdaşlıq dəyərlərini nəzərə alan konqresmenlər bu layihəyə dəstək verməyəcək və o "Kristofer Smitin təşəbbüsü olaraq da qalacaq".

“Azərbaycan tərəfdən də bir deputat eyni məzmunlu qanun layihəsi ilə çıxış edib. Azərbaycan hökuməti həmin layihəni dəstəkləyirmi?”- sualının cavabında prezidentin köməkçisi deyib ki, Azərbaycan hökumətinin bu layihəyə münasibəti də ABŞ-dakı bir konqresmenin təşəbbüsünə münasibətlə eynidir.

“Hər bir deputat təşəbbüs irəli sürə bilər. Amma, parlamentlərin bunu qəbul etməsi mühüm müzakirələrdən sonra olmalıdır. Deputatlar bu təşəbbüslərin iki dövlətin münasibətlərinə verə biləcəyi xeyri, həmçinin vuracağı ziyanı dəyərləndirəndən sonra münasibət bildirməlidirlər.

Ona görə də istər ABŞ-dakı anti-Azərbaycan aksiyasına, istərsə də Azərbaycanda anti-Amerika layihəsinə bizim hakimiyyətin münasibəti eynidir”.

O, ABŞ və Azərbaycan dövlətlərarası münasibətlər, qarşılıqlı səfərlər, qarşılıqlı əlaqələrlə bağlı sualın cavabında deyib ki, son zamanlar səfərlərin və qarşılıqlı ünsiyyətlərin sayı azalıb.

“Amma buna baxmayaraq əlaqələr davam edir. Bu yaxınlarda ABŞ-ın böyük bir nümayəndə heyəti Azərbaycana gəlmişdi. O cümlədən, səfirliklər, Xarici İşlər Nazirlikləri, təhlükəsizlik qurumları çərçivəsində və digər sahələrdə ABŞ-la əlaqələr bir tərəfdən strateji əməkdaşlıqdır, həmçinin təhlükəsizlik, enerji sahəsində və demokratiya, insan hüquqları sahəsində əməkdaşlıqdır. Əlbəttə, əvvəlki intensiv münasibətlər yoxdur, amma əlaqələr var. Düşünürəm ki, bu əlaqələr kifayət qədər də davam edəcəkdir”.

“ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland Azərbaycana səfəri zamanı demokrtaiya və insan hüquqları ilə bağlı dövlətlərarası birgə komissiyanın yaradılması təşəbbüsü ilə çıxış etmişdi və bildirmişdi ki, bu sahədə razılıq var. Bu sahədə danışıqlar nə yerdədir?”- sualına Həsənov belə cavab verib: “Danışıqlar hal-hazırda getmir. Yoxdur belə bir danışıqlar. Nulandın səfərindən sonra müəyyən təşəbbüslər oldu, amma sonra bu təşəbbüslər dayandırıldı”, o qeyd edib.

Əfv məsələsi ilə bağlı suala cavabda prezidentin köməkçisi bildirib ki, əfv siyahısı kifayət qədər genişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası bir ay ərzində işləyib.

Ə.Həsənov həmin siyahıda kimlərin adının olacağını deyə bilmədiyini vurğulayıb.

O, devalvasiya və süni qiymət artımı ilə bağlı sualın cavabında deyib ki, süni qiymət artımı ilə bağlı müvafiq qurumlar artıq açıqlama verib. İqtisadiyyat və Sənaye Nazirliyi, Nazirlər Kabineti və digər qurumlar artıq bu işlə məşğuldur.

Həsənov bildirib ki, hazırda Azərbaycan hökuməti çalışır ki, devalvasiyanın mənfi nəticələri aradan qaldırılsın, xüsusən bazar iqtisadiyyatına çətin uyğunlaşan sosial təbəqələr, pensiyaçılar, əlillər, dövlət yardımı ilə daha çox öz həyatını quran insanlar bu devalvasiyanın nəticələrindən qurtarsın.

"Digər sahələrdə də tədbirlər görülür. O cümlədən, dövlət çalışır ki, dərman preparatlarının, ərzaqların qiyməti, idxal-ixrac əməliyyatları, korrupsiya, monopoliya hallarının hələ də haradasa ilişib qalmış sahələri ilə mübarizə aparsın. Eyni zamanda, dövlət çalışır ki, həm bazar iqtisadiyyatı mexanizmləri, həm də hakimiyyətin bu və ya digər sahələrə müdaxiləsi yolu ilə devalvasiyanın sosial nəticələrini aradan qaldırsın", o qeyd edib.

XS
SM
MD
LG