Accessibility links

İlham Əliyev: Hazırda Azərbaycan vəziyyətdən çıxmaq üçün addımlar atır


İlham Əliyev Nazirlər Kabinetinin iclasında

İlham Əliyev Nazirlər Kabinetinin iclasında

Yanvarın 18-də prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.

Prezident Əliyev bildirib ki, son bir ildə neftin qiymətinin 4 dəfə düşməsi gəlirlərin azalmasına təsir edib.

“Hazırda Azərbaycan vəziyyətdən çıxmaq üçün addımlar atır, digər neft ölkələri ilə müqayisədə ən az itki ilə üzləşmişik”.

Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycanın çətinliklərdən asanlıqla çıxacağını deyən Əliyev ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğulayıb və bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını deyib.

“İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılacaq”.

Onun sözlərinə görə, son illərdə ölkədə həyata keçirilən işlər insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəlib.

“Bu yaxınlarda pensiya və əmək haqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır”.

Prezident süni bahalaşmaya da münasibət bildirib və bu problemə qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb.

“İşbazlar qiymətləri süni şəkildə bahalaşdırmağa çalışır. Görülən tədbirlər nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb”.

Struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyən dövlət başçısı bildirib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır.

O, valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyib.

“Bu sahədə qanunvericilik bazası möhkəmləndirilməlidir. Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacaq”.

Bundan əlavə, Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Dövlət başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxunub, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını deyib.

“Manatın məzənnəsinin sabit saxlanması təkcə hökumətdən asılı deyil. Bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxılır, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlər görülməsi vacibdir. Bu kimi tədbirlər milli valyutaya olan inamı artıracaq”, o qeyd edib.

Əliyev bildirib ki, ölkənin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər.

Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bildirən dövlət başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirib.

İlham Əliyev iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Bununla yanaşı, ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb.

XS
SM
MD
LG