Accessibility links

Xəzərin hüquqi statusuna dair işçi qrupun növbəti iclası Aşqabadda keçiriləcək


Xələf Xələfov

Xələf Xələfov

X. Xələfov bəzi məsələlərin açıq qaldığını deyir

Xəzərin hüquqi statusuna dair işçi qrupun növbəti iclası bu il yanvarın 27-28-də Aşqabadda keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, işçi qrupda Azərbaycanı təmsil edən Xələf Xələfov bildirib.

Nazir müavini qeyd edib ki, artıq bütün ölkələr iclasda iştirakını təsdiqləyib.

X. Xələfov Astana sammiti öncəsi bu ilin birinci və ya ikinci rübündə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini də deyib.

O bildirib ki, görüşlərdə Xəzərin hüquqi statusuna dair razılaşdırılmamış məsələlər müzakirə olunacaq.

X. Xələfov bəzi məsələlərin açıq qaldığını qeyd edib:

"Bölgü məsələləri var. Həştərxan sammitində dövlət başçıları qərara gəldilər ki, 15 mil enində suverenlik, 10 mil enində balıqçılıq zonası müəyyən olunur. Qalan su səthi ümumi istifadədə olan su səthi sayılacaq. Bununla yanaşı, digər fəaliyyət növləri - elmi tədqiqat işlərinin aparılması, gəmiçilik, hərbi gəmiçilik, hərbi fəaliyyət, hərbi siyasi təhlükəsizlik, ticarət məsələləri var. Bunların bəziləri prinsip baxımından razılaşdırılıb, bəziləri diskussiya çərçivəsindədir. İşlər intensiv davam etdirilməlidir. İşçi qrupunun iclasları da davamlı keçirilir. Düşünürəm ki, əldə olunmuş irəliləyiş imkan verəcək ki, ümumi razılaşmalara nail olunsun".

Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar 15 ildən çoxdur ki, davam edir. Xəzərin sektorlara bölünməsi üzrə Rusiya, Azərbaycan və Qazaxıstan arasında saziş imzalanıb. İran və Türkmənistan bu bölgü ilə razı deyil. İran Xəzərin Xəzəryanı ölkələr arasında bərabər bölünməsini istəyir.

XS
SM
MD
LG