Accessibility links

Fuad Qəhrəmanlı ev dustaqlığına buraxılmayıb


Fuad Qəhrəmanlı

Fuad Qəhrəmanlı

Yanvarın 25-də Bakının Nəsimi rayon Məhkəməsində dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətə baxılıb. Vəsatət təmin edilməyib. Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, hakim vəsatəti təmin etməməsinin səbəblərini əsaslandırmayıb. "Məhkəmənin qərarını alan kimi apellyasiya şikayəti verəcəyik", o qeyd edib.

Vəkil Fuad Qəhrəmanlının məhkəmədə çıxış etdiyini deyib.

"AXCP sədrinin müavini dedi ki, onun dəmir barmaqlıqlar arxasında olması real durumu əks etdirir. Ölkədə real durum budur. O, ittihamlarla razılaşmır və sadəcə sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini dedi. Həbsini tənqidi fikrin susdurulması kimi qiymətləndirdi. Qəhrəmanlı həmçinin məhkəmə heyətinin diqqətinə çatdırdı ki, gün gələcək onu mühakimə edənlərin özləri mühakimə olunacaq. Biz demokratiya, haqq yolunda mübarizə aparırıq və gələcəkdə də mübarizəmizi davam etdirəcəyik" , Kərimli AXCP sədrinin müavininə istinadən bildirib.

F.Qəhrəmanlı Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham olunur və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir.

XS
SM
MD
LG