Accessibility links

Zərdüşt Əlizadə: Böhranın yaranmasının kökündə hökumət durur [Video-Müsahibə]


Politoloqun Amerikanın Səsinə müsahibəsi

Politoloq Zərdüşt Əlizadə Amerikanın Səsinə müsahibəsində Azərbaycan hökumətinin ölkəni böhrandan çıxarmaq cəhdlərindən, aparılan islahatlardan və yaranmış durumdan çıxış yollarından danışıb.

Amerikanın Səsi: Azərbaycan hökumət rəsmilərinin son bəyanatları böhrandan çıxış üçün təkan verə bilərmi? Sizcə hazırki hökumət böhrandan çıxış yollarını tapa biləcəkmi?

Siyasi rəqabət olmalıdır. İndiki hakimiyyət rəqaəbətə hazır deyil.

Zərdüşt Əlizadə: Əvvəla, bu hökumət böhranı yaradan səbəblərin kökündə durur. Bunlar böhranın səbəblərini aradan qaldırmağa qadir deyil. Çünki onlara mənfəət vermir, xeyir deyil. Böhran bəyanatlarla aradan qaldırılmır, köklü islahatlarla aradan qaldırılır. Köklü islahatlar həm də siyasət sahəsindən başlanmalıdır. Siyasi rəqabət olmalıdır. İndiki hakimiyyət rəqabətə hazır deyil. Bunu çox gözəl anlayır və heç cür rəqabətə getməyəcək. Bu isə o deməkdir ki, islahatlar da olmayacaq.

Amerikanın Səsi: Azərbaycan hökuməti bir tərəfdən xarici maliyyə qurumlarından böyük həcmdə kreditlərin götürülməsi ilə bağlı danışıqlar aparır, digər tərəfdən isə ölkədə bahalı idman oyunları keçirir? Münasibətiniz necədir? Sizcə bu bahalı oyunlar Azərbaycanın imicinə hansı çalarlar gətirib?

u alınan pul defolt ərəfəsində Rusiya Federasiyasının 1998-ci ildə Beynəlxalq Valyuta Fondundan aldığı 5 milyard diollar krediti xatırladır.

Zərdüşt Əlizadə: İnidyəcən Azərbaycan böyük miqyaslı bir neçə tədbir keçirib. Üzdə olanı Eurovision - dur, panavropa oyunları və sair. Azərbaycanın indiki böhranlı vəziyyətində həmin oyunların Azərbaycan xalqına, dövlətinə zərrə qədər xeyri olubmu? Olmayıb. Qarabağ probleminin həllinə zərrə qədər köməyi olubmu? Olmayıb. Azərbaycan xalqının həyat səviyyəsinə yalnız mənfi təsir göstərib. Təbii ki, bu oyunalar Azərbaycana ziyan gətirir. Qaldı beynəlxalq maliyyə qurumlarına, onların Azərbaycana dəvət edilməsinin həyata tərcüməsi ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti özü də çox gözəl bilir ki, böhranı üstələməık üçün hansı islahatlar aparmalıdır. Amma, özündə buna siyasi iradə tapmır. Ona görə də hansısa bir nəzarətçi dəvət edir ki, bu nəzarətçi onları həmin islahatları həyata keçirməyə məcbur etsin. Məcbur edəndə təbii ki, daxildə hansısa bir müqavimət yaranacaq. O müqaviməti üstələmək üçün deyəcək, mənlik deyil Beynəlxalq Valyuta Fondu, Dünya Bankı tələb edir və sair. Üstəlik o dörd milyard dollar ki, istəyirlər borc götürsünlər. Azərbaycanın Dövlət Neft Fondunda saxlanılan puldan 8-9 dəfə azdır. Yəni bu kreditin heç bir mənası yoxdur. Bu alınan pul defolt ərəfəsində Rusiya Federasiyasının 1998-ci ildə Beynəlxalq Valyuta Fondundan aldığı 5 milyard diollar krediti xatırladır. O kredit də heç Rusiyaya gəlib çatmadı. Yolda ötürüldü, pay-püş edildi, izi-əlaməti qalmadı.

Amerikanın Səsi: Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, posneft dövrü onların gözlədiyindən 25 il tez gəlib. Sizcə bu, hökumətin strateji xətti deyilmi?

Zərdüşt Əlizadə: Ümumiyyətlə, hakimiyyətin strateji strategiyası yoxdur. Onların iqtisadi strategiyası bir neft əmirinin davamçısını xatırladır. Yəni neft əmirlərinin strategiyası varmı? Bir Dubayı, Küveyti çıxmaq şərti ilə. Qalan heç birində strategiya yoxdur. Onu demək istəyirəm ki, bu adamların əsas məqsədi şəxsi varlanmaqdır, sərmayələrini artırmaqdır. Özlərinin və ailələrinin təhlükəsizliyini təmin etmək, ilk növbədə maliyyə təhlükəsizliyini təmin etməkdir. Onları heç bir vəchlə Azərbaycan dövlətinin, xalqının rifahı, inkişafı düşündürmür. Buna əyani sübut odur ki, müstəqillik illərində Azərbaycanın sənaye potensialı məhv edildi. Fəhlə sinfi, konstruktorlar, mühəndislər ləğv edildi. Əvəzində guya ki, hüquqşünaslar, iqtisadçlar, menecerlər, bankirlər ordusu yaradıldı. İndi məlum oldu ki istehsalat adlı qurumda bu zümrə heç kəsə lazım deyil.

Amerikanın Səsi: Təxminən 10 il bundan qabaq Azərbaycanın sabiq iqtisadiyyat naziri Fərhad Əliyev “Hamı yerli mal alsın! Xeyri vətənə qalsın!” şüarı ilə çıxış edirdi. İndi hökumət təxminən eyni şüarlara qayıdıb. İnsanları, dövlət qurumlarını yerli mal almağa dəvət edirlər. Sizcə bu vəziyyətdən çıxışdırmı?

Zərdüşt Əlizadə: Bu mənə Rusiya baş nazirinin mərhum müavini Boris Nemtsovun “bütün rus məmurları Volqa maşınlarında gəzməlidir” şüarını xatırladır. Əməli baxımdan bu tamamilə mənasız və məntiqsiz bir sözdür. İndi Azərbaycanda dəbdəbəli Avropa maşınlarında gəzməyən nazir, nazir müavini, yüksək vəzifəli məmur qalmayıb. Hamıya məlumdur ki, Naz-Lifan (avtomobil zavodu-red) ailəyə məxsusdur. Ailənin bir qolunun mülkiyyətidir. Əgər maşın varsa, bu maşınlar 10 il rahat işləyəcəklər. Hamıya Naz-Lifana minmək çağırışı ona bərabədir ki, o bahalı maşınları qoyun qırağa, işlədərsiniz. Amma, eyni zamanda həm də Naz-Lifan alın ki, bizim ailə bir az da varlansın. Hamı da bilir ki, Embawood mebel şirkəti, o da bağlıdır ailəyə. Hamı dəbdəbəli kabinetlərinidən gözəl xarici mebelləri çıxarıb, yerli istehsal olan mebelləri qoymayacaq ki? Bu o deməkdir ki, bizim ailə şirkətinə də büdcədən bir az pul köçürün ki, dəstək olsun.

Amerikanın Səsi: Vəziyyətdən çıxşı nədə görürsünüz?

Azərbaycan müxalifəti sağlamlaşmalıdır, saflaşmalıdır.

Zərdüşt Əlizadə: Köklü islahatlarda. Birinci çıxış yolu odur ki, xalq maariflənməlidir. Azərbaycan müxalifəti sağlamlaşmalıdır, saflaşmalıdır. O qədər səmərəsiz, ziyanlı ünsürlər burada fırfıra kimi fırlanır ki, on illərdir. Zəka qıtlığı, vicdan qıtlığı, vətənpərvərlik qıtlığı ilk növbədə müxalifət sıralarındadır. O təmizlənməlidir ki, müxalifət xalqa düzgün sifariş versin, düzgün yol göstərsin, onlarla düzgün işləsin, arxasınca aparsın. İndiki hakim zümrədə mən, heç bir dəyişiklik gözləmirəm, heç bir ümidim yoxdur. Bilirsiniz, peşəkar korrupsionerlərdən nə gözləmək olar? Onlar bildiklərini, bacardıqlarını edirlər, ondan artıq gözləmək əbəsdir.

Müəlliflərdən: Müsahibədə deyilənlər politoloq Zərdüşt Əlizadənin şəxsi mülahizələridir.

Show comments

XS
SM
MD
LG