Accessibility links

AXCP fəalının məhkəməsi davam edir [Video-Vəkil Yalçın İmanovla müsahibə]


AXCP sədrinin müşaviri Məmməd İbrahimin vəkili Yalçın İmanovun müsahibəsi
please wait

No media source currently available

0:00 0:03:08 0:00

AXCP sədrinin müşaviri Məmməd İbrahim ittihamı qəbul etmir

Fevralın 19-da Bakının Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrli ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin işi üzrə növbəti iclas keçirilib.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə müsahibəsində deyib ki, məhkəmə müdafiə tərəfinin altı vəsatətindən yalnız birini təmin edib. Hakim zərərçəkmiş Mikayıl Quliyevə başından xəsarət yetirildiyi haqqında rəy vermiş eksperti məhkəməyə dəvət etməyə razılaşıb.

M.İbrahim ötən il sentyabrın 30-da xuliqanlıq (Cinayət Məcəlləsinin 221.1 maddəsi) ittihamı ilə həbs edilib (şikayəti keçmiş AXCP üzvü Mikayıl Quliyev verib). Sonradan bu maddə daha ağır ittihama - 221.2.2-ci maddəyə tövsif edilib ki, həmin maddə ilə İbrahimi 5 ilədək həbs cəzası gözləyir.

Fevralın 1-də ittiham tərəfinin iki şahidi Vüqar Abbasov və Elçin Şükürov ifadə verib. Onlar hadisə yerində olublar və ilk olaraq Mikayıl Quliyevin İbrahimə hücum etdiyi barədə ifadə veriblər.

Fevralın 12-də prosesdə daha bir şahid-Aqşin Haqverdiyev təsdiq edib ki, İbrahim Quliyevi döyməyib və təhqir etməyib.

Bugünki iclasda ittiham tərəfinin sonuncu şahidi Anar İsmayılov çıxış edəcəkdi, amma o, yenə prosesə gəlməyib.

Vəkil Yalçın İmanov onun istintaqa verdiyi ifadəni elan etməyi təklif edib, belə ki, İsmayılov da digər şahidlər kimi İbrahimin Quliyevi döymədiyini bildirib.

Prokuror buna qarşı çıxıb, hakim vəkilin vəsatətini təmin etməyib.

Daha sonra müdafiə tərəfi əlavə şahidlərin-iki hal şahidinin, iki polisin və tibbi rəy vermiş ekspert Sirac Dadaşovun məhkəməyə çağırılması haqqında beş vəsatət qaldırıb. Hakim yalnız sonuncu vəsatəti təmin edib.

Vəkil İmanov bildirib ki, Dadaşov Mikayıl Quliyevin ekspertizasını özü həyata keçirməli idi, amma onu başqa həkimə nevropatoloqa göndərib. Sonuncunun rəyi əsasında Dadaşov kəllə-beyin travması haqqında rəy verib. Lakin iş materiallarında nevropatoloqun verdiyi sənəd yoxdur, buna görə eksperti dinləmək zərurəti var.

Bundan başqa, işdə Quliyevin hadisə zamanı geyindiyi köynəyin ekspertizası haqqında iki protokol var (29 sentyabr və 10 oktyabr tarixli). Birinci protokolda köynəyin cırılmış hissəsinin ölçüsü ikincidə olduğundan xeyli çox göstərilib.

“Belə çıxır ki, sonradan köynəyi tikiblər... Baxmayaraq ki, şahidlər Quliyevin İbrahimə hücum etdiyi zaman onları ayırmağa çalışdıqlarını, Quliyevin köynəyinin bir qədər cırıldığını təsdiq ediblər”, vəkil bildirib.

Növbəti iclas fevralın 29-na təyin edilib.

XS
SM
MD
LG