Accessibility links

Azərbaycan parlamentində Türkiyədə terror qurbanlarının xatirəsini yad edilib

Milli Məclisin martın 15-də keçirilən plenar iclasında martın 13-də Ankarada baş verən terror hadisəsində həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatının dinlənilməsinə başlanıb. Hesabatı parlamentə baş nazir Artur Rasizadə təqdim edir.

Baş nazir heabatında Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub.

“Qarşı tərəf yenə də vaxtı uzadaraq problemin həllindən yayınır, aidiyyətli beynəlxalq qurumlar isə ədalətsizlik və hüquqa zidd olan mövqe nümayiş etdirirlər. Bunlar nəzərə alınaraq ordunun müasir silah sursatla təmin edilməsi, döyüş qabiliyyətinin durmadan artırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Son zamanlar silahlı qüvvələrimizin işğalçı tərəfin hərbi təxribatlarına verdiyi tutarlı cavablar bunu bir daha sübut edir. Hərbi qulluqçuların təminatının yaxşılaşdırılması məqsədi ilə yeni hərbi hissələr və şəhərciklər tikilib istifadəyə verilib, 1500 zabit ailəsi evlə təmin edilib. Silahlı Qüvvələrə Yardım Fonduna cəmiyyətin müxtəlif təbəqələri tərəfindən ianə kimi daxil olan vəsait artaraq 70 milyon manatdan çox olub. Ümumilikdə, Silahlı Qüvvələrlə bağlı görülən bütün işlərin maliyyəşdirilməsinə 3,3 milyard manat vəsait ayrılıb".

Baş nazir bildirib ki, 2015-ci ildə Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılıb. Sahibkarlıq fəaliyyəti subyektlərinin sayı 10,7% artaraq 84 mini ötüb, o cümlədən fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 11% artaraq 577 min nəfərə çatıb. Ötən il sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılıb. Ötən il Sahibkarlığa Kömək Milli Fondu 5000-dən artıq sahibkara 250 milyon manata yaxın güzəştli kredit verib. Verilən kreditlərin 64%-i regionların payına düşüb", o qeyd edib.

Rasizadə hesab edir ki, neftin qiymətinin kəskin aşağı düşməsi və dövlətlərarası geosiyasi qarşıdurmalar yeni iqtisadi münasibətlər yaradıb.

“Belə qlobal iqtisadi proseslər zamanı dövlət qurumlarının yeganə məqsədi mövcud sabitliyin qorunması, xalqın rifahının yaxşılaşdırılması və ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Ötən il görülmüş işlər də bu məqsədlərə xidmət edib”, baş nazir deyib.

XS
SM
MD
LG