Accessibility links

Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılıb


Yaqub Əhədov

Yaqub Əhədov

Yerli media polkovnikin Rusiyadan silah alınmasında yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edildiyini bildirir

Azərbaycan Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov bu günlərdə vəzifəsindən azad olunub.

Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiq edib.

“Polkovnik Yaqub Əhədov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə, tutduğu vəzifədən azad edilib”, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Mətbuat xidməti polkovnikin yol verdiyi nöqsanların nədən ibarət olduğu barədə məlumat verməyib.

Yerli media polkovnikin Rusiyadan silah alınmasında yol verdiyi nöqsanlara görə vəzifədən uzaqlaşdırlıdığı, rütbəsinin aşağı salındığı və barəsində cinayət işi açılması barədə məlumatlar dərc edib.

AzPolitika.info saytı dəqiqləşdirib ki, Yaqub Əhədov Rusiya baş nazirinin müavini Dmitri Roqozinin martın 3-də Bakıya reallaşan qəfil səfərindən dərhal sonra vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi açılıb.

“Bu fakt ehtimal etməyə əsas verir ki, Müdafiə Nazirliyinin yüksək çinli rəsmisinin “vurulmasının” Roqozinin Bakıya səfəri, dolayısı ilə Rusiyayla silah alış-verişi ilə bağlılığı var”.

Saytı məlumatlandıran mənbə də polkovnik Əhədovun işində 3.5 milyonluq hansısa gizli müqavilənin rolundan bəhs edib, lakin təfərrüata varmaqdan imtina edib.

Xatırladaq ki, Roqozinin Bakıya iki ölkə arasında hərbi-texniki əməkdaşlıq barədə Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə aparmaq üçün gəldiyi elan olunmuşdu. Roqozinlə bərabər Bakıya “Rosoboroneksport”un və Hərbi-Texniki əməkdaşlıq üzrə Federal Xidmətin rəhbərliyi də gəlmişdi. Rusiya mətbuatı yazırdı ki, Azərbaycan tərəfi silah alışı üzrə müqavilələrin öhdəliklərini yerinə yetirmədiyinə – aldığı silahın pulunu ödəmədiyinə görə Roqozun Bakıdadır.

Lakin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu məlumatı təkzib edərək, Rusiya silahlarının Azərbaycana tədarükünə dair müqavilələr üzrə ödənişlərlə bağlı problem olmadığını, hərbi-texniki sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirmişdi.

“Azərbaycan müqavilələrə uyğun olaraq bütün ödənişləri edir, lakin onların icrası ilə bağlı problemlər var. O mənada ki, Azərbaycana daxil olan silahlar müqavilələrdə qeyd olunan texniki parametrlərə uyğun olmalıdır”,E. Məmmədyarov qeyd edib.

E.Məmmədyarov xatırladıb ki, Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin martın əvvəlində məhz parametrlərlə bağlı problemin nədən ibarət olduğunu anlamaq üçün Bakıya səfər edib və ətraflı izah alıb, heç bir problem qalmayıb.

“Əsas odur ki, mal kondisiyaya uyğun olsun. Sazişlərin bir hissəsi üzrə hər şey plan üzrə gedir. Məsələ burasındadır ki, bir neçə konkret silah növlərinin texniki parametrlərinə düzəliş etmək lazımdır. Və bu, D.Roqozinin sözlərinə görə, ən qısa vaxt ərzində həll olunacaq”, deyə nazir əlavə etmişdi.

Yaqub Əhədovun barəsində cinayət işi açılıb-açılmaması barədə Hərbi Prokurorluqdan hələ məlumat almaq mümkün olmayıb.

XS
SM
MD
LG