Accessibility links

Azərbaycan və Türkiyə prezidentləri görüşüb


Ilham Əliyev və R.T Erdoğan
Ilham Əliyev və R.T Erdoğan

İstanbulda İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub

İstanbulda prezident İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulanıb. Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub.

İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb. Yüksək səviyyəli görüşlərin əlaqələrin möhkəmləndirilməsində rolu, ölkələrin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmi qeyd edilib.

Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olundu. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısı açılıb.

İki gün davam edəcək zirvə toplantısında Fələstin problemi və Ərəb-İsrail konflikti, İslam dünyasındakı konfliktli vəziyyətlər və miqrasiya, İƏT-ə üzv olmayan ölkələrdəki müsəlman icmalarının vəziyyəti, terrora və ekstremizm təhlükəsinə qarşı mübarizə, İslamofobiya, İslam dünyasındakı humanitar vəziyyət, "İƏT-2025" Fəaliyyət proqramı, üzv ölkələr arasında elmi (səhiyyə, yüksək təhsil və ətraf mühit) əməkdaşlığın gücləndirilməsi, İslam dünyasında mədəni, sosial və informasiya əlaqələrini gücləndirilməsi məsələləri müzakirə ediləcək.

Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həlli üçün İƏT-ə üzv olan ölkələrin nümayəndələrindən ibarət Təmas qrupunun yaradılması məsələsinin də XIII Zirvə toplantısında müzakirə edilməsi gözlənilir.

XS
SM
MD
LG