Accessibility links

İlqar Məmmədov deputat olmaq istəyir


REAL Hərəkarının sədri İlqar Məmmədov

REAL Hərəkarının sədri İlqar Məmmədov

Hazırda həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədov təkrar parlament seçkilərində iştirak etmək istəyir.

Bu barədə REAL Hərəkatının icra katibi Natiq Cəfərli Facebook səhifəsində yazıb.

N.Cəfərli qeyd edib ki, aprelin 14-də İlqar Məmmədov ona zəng vurub:

"Hazırda İlqar bəy barəsində qanuni qüvvəyə minmiş hökm yoxdur. İş Şəki Apellyasiya Məhkəməsinə geri göndərilib, məhkəmə günü də təyin edilmir. İlqar Məmmədov radioda eşidib ki, Ağdaş 90 saylı Seçki Dairəsində təkrar seçki təyin edilib. Dedi ki, sənədləri hazırlayaq, o dairədən namizədliyini irəli sürək. Zatən indi statusu "təqsirləndirilən şəxs"dir, qanun namizəd olmağa imkan verir. Dedim ki, yaxşı fikirdir, Ağdaşda gözəl kampaniya apara bilərik"...

Prezident İlham Əliyev aprelin 12-si 90 saylı Ağdaş Seçki Dairəsi üzrə parlamentə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ağdaş Seçki Dairəsi üzrə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Ötən il noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələrini ləğv edib.

İlkin nəticələrə görə, dairədən əvvəlki deputat Çingiz Əsədullayev lider olsa da, MSK səsvermə günü ciddi pozuntulara yol verildiyi əsası ilə nəticələri ləğv edib.

O zaman yerli media MSK-nın bu qərarını Ç.Əsədullayevin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohum olmasına bağlamışdı.

Çingiz Əsədullayev isə bunu təkzib edb.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr zamanı həbs olunub, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir. Avropa Şurasının Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini İlqar Məmmədovu azadlığa buraxmağa çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi baxılmaq üçün Şəki rayon Məhkəməsinə qaytarılıb.

XS
SM
MD
LG