Accessibility links

Beynəlxalq Bankın kreditləri ilə bağlı həbsdə olan 12 nəfər barəsində məhkəməyə təqdimat göndərilib


Beynəlxalq Bank

Beynəlxalq Bank

“Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülmüş kreditlərlə bağlı cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilmiş 12 nəfər barəsində istintaq orqanının vəsatəti əsasında prokurorluq həbs qətimkan tədbirinin dəyişdirilərək polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz edilməsi barədə məhkəməyə təqdimat göndərib.

Bu barədə vəkil Kamandar Nəsibov Amerikanın Səsinə bildirib.

Onun hüquqlarını müdafiə etdiyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov mayın 30-da polis nəzaərtinə verilməklə Nərimanov rayon Məhkəməsinin qəraraı ilə azadlığa buraxılıb. Bununla yanaşı, məhkəmə Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev barəsində də azadlığa buraxılmaqla polis nəzarətinə verilmə barədə qərar qəbul edib.

Prokurorluğun təqdimatı ilə

digər şəxslərlə bağlı işlərə isə məhkəmələr mayın 31-də və iyunun 1-də baxacaq. Onların arasında Elxan Cavad və Ratmir Bəkirov və başqaları da var.

Vəkilin sözlərinə görə, prokurorun təqdimatı ilə azadlığa buraxılan hər bir şəxsin cinayət işi ayrılaraq ayrıca icraatda davam etdiriləcək.

Həbsdən azad edilənlər

Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 178 (dələduzluq), 179 (mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham olunur.

Onlar 2015-ci ilin müxtəlif aylarında saxlanılıb.

Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri

Cahangir Hacıyev

barəsində 2015-ci il dekabrın 4-də həbs qətimkan tədbiri seçilib.

Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham irəli sürülüb.

Hacıyev 2015-ci il martın 18-də Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən istefa verib.

Qeyri-rəsmi mənbələrə görə, istefaya səbəb bankın problemli kreditlərinin bir neçə milyard manat təşkil etməsi olub.

Prezident İlham Əliyevin

2015-ci il iyulun 15-də “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” fərman imzalayıb.

Fərmanda deyilir ki, son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub.

“Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb”, sənəddə qeyd edilir.

2016-cı il yanvarın 14-də

Daxili İşlər Naziri Ramil Usubov

bildirib ki, Azərbaycan Beynəlxalq Bankından külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinində başlanılmış cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin rəhbərliyinin nəzarəti altında davam etdirilir, vurulmuş maddi ziyanın ödətdirilməsi istiqamətində bütün mümkün tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimov isə deyib ki, cinayət işinin ibtidai istintaqının yekunlaşma mərhələsində olmasına baxmayaraq, əlavə cinayət faktlarının aşkar olunması, eləcə də bu sahədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri gündəlik nəzarətdə saxlanılır.

Müşavirədə Beynəlxalq Bankdan götürülümüş problemli kreditlərin və mənimsəmənin miqdarı barədə məlumat verilməyib.

Qeyri-rəsmi məlumatlara görə,

Beynəlxalq Bankdan götürülmüş problemli kreditlərin məbləği bir neçə milyard dollar hesablanır.

Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev də daxil olmaqla çoxsaylı insan həbs edilib.

XS
SM
MD
LG