Accessibility links

Partiya Konstitusiya məhkəməsinə müraciət edib

Müxalif Müsavat Partiyası Konstitusiya məhkəməsinə rəy üçün göndərilən referendum aktı ilə bağlı Konstitutsiya məhkəməsinə müraciət edib.

Partiyanın müraciətində deyilir ki, məhkəmə bu akt layihəsinə müsbət rəy verməməlidir.

“Sənədin adı “Konstitusiyada dəyişikliklər edilməsi haqqında” sərəncam olsa da, əslində bu sənəddə Konstitusiyaya xeyli sayda əlavələrin edilməsi təklif olunur.

Belə ki, Konstitusiyanın müxtəlif maddələrinə 40 dəyişiklik təklifi vardır ki, bunların yalnız 20-də hər hansı sözün, rəqəmin əvəz olunması, müvafiq maddələrə sözlərin əlavə olunması və ya cümlənin yeni redaksiyada verilməsi təklif olunur.

Digər bir çox təkliflər isə Konstitusiyaya əlavələrin edilməsi ilə baglıdır. ”deyə müraciətdə əks olunub.

Müsavat partiyası hesab edir ki, təklif olunan əlavələrin bir hissəsi Konstitusiyada olan mövcud maddələrə müəyyən hissələrin əlavə olunmasından (sərəncamın 2.1., 2.2., 3.2., 4.2., 5, 6.2., 11, 13.2., 15.3., 16, 18, 21, 23.4. bəndləri) ibarətdir.

“Təklif olunan əlavələrin 6-da isə (19-cu təklif - aşağıdakı məzmunda 98.1-ci maddə əlavə edilsin; 22-ci təklif - aşağıdakı məzmunda 103.1-ci maddə əlavə edilsin; 24-cü təklif - aşağıdakı məzmunda 106.1-ci maddə əlavə edilsin; 25-ci təklif - aşağıdakı məzmunda 108.1-ci maddə əlavə edilsin; 26-cı təklif - aşağıdakı məzmunda 110.1-ci maddə əlavə edilsin; 29-cu təklif - aşağıdakı məzmunda 146.1-ci maddə əlavə edilsin) Konstitusiyaya yeni maddələrin əlavə olunmasıdır”- deyə müraciətdə əks olunub.

Partiya müraciətində qeyd edir:

Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər təklif edilməsi qaydası mövcud Konstitusiyanın 153-cü maddəsində qeyd edilib:

Maddə 153. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi qaydası.

Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.

Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası mövcud Konstitusiyanın 156-cı maddəsində qeyd olunub:

Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası.

I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.

II. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birincidən 6 ay sonra keçirilir.

III. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.

IV. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir.

V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

Qeyd olunan maddələrdən aydın olur ki, Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsini rəhbər tutmaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alındıqdan sonra Referendum yolu ilə həll olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin qəbul edilməsi isə Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutmaqla Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilən Konstitusiya Qanunu şəklində olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində 6 aylıq fasilə ilə iki dəfə səsə qoyulmaqla qəbul edilir.

Bu dəyişikliklərin bir hissəsi Konstitusiyanın müvafiq maddələri ilə qadağan edilib. Konstitusiyanın 155-ci maddəsinə əsasən III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Lakin 29, 32, 42 və 49-cu maddələrə edilən təkliflər insan hüquqları və azadlıqlarının məhdudlaşdırır.

Konstitusiyada Prezidentin səlahiyyətləri onsuzda geniş idi, bunların daha da artırılması hakimiyyətin qolları arasında pozulmuş tarazlığı bir qədər də artıraraq sunerenliyin xalqdan alınaraq prezidentin əlində cəmləşdirilməsi, nəticə etibarilə də qanunverici hakimiyyəti icra hakimiyyətinin alt qoluna çevrilməsi deməkdir. “Hakimiyyətin üç qolu” prinsipinin bu dərəcədə prezidentin xeyrinə dəyişdirilməsi prezidentli respublika idarə üsuluna deyil, daha çox monarxik sistemə xasdır.

Hüququn mahiyyəti ilə bağlı bir çox nəzəriyyələr var ki, normativ hüquqi aktlar II dünya müharibəsindən sonra sivil ölkələrdə təbii hüquq nəzəriyyəsinə söykənir. Bu nəzəriyyəyə görə, insan azad doğulduğu üçün azad da yaşamalıdır, dövlətin yaratdığı pozitiv hüquqdan başqa, hər kəsin daha yüksəkdə duran təbii hüquqları vardır.

AR Konstitusiyasının müddəaları da məhz bu təbii hüquq nəzəriyyəsi əsasında formalaşıb.

Konstitisiyada göstərilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.

Edilən əlavə və dəyişikliklər isə bərabər mənafelərə bərabər münasibətə əsaslanmır.

Bunlar hüquqi aktlar üçün xarakterik olan mütənasibliyə, demokratikliyə və şəffaflığa, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsinə, sosial ədalətə, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyinə və kompleksliyinə uyğun deyildir.

Əlavələr “bərabər” qanunlar vasitəsilə şəxslərin imkan bərabərliyi hüququnu əlindən alır. Hüququn ədalətliyi müasir dövrün inkişaf səviyyəsinə adekvat olan, dəyişən sosial şəraitin düzgün idrakından irəli gələn haqq qazandırılan istiqamətdir. Lakin bu dəyişikliklər dünyada insan hüquqlarının genişləndirildiyi və imtiyazların məhdudlaşdırıldığı müasir dünyanın demokratik inkişaf istiqamətinə ziddir.

Müsavat Partiyası təklif edilən əlavə və dəyişikliklər layihəsini yuxarıda qeyd edilənlərə və 28 may 1918-ci ildə elan edilən Azərbaycanın Müstəqillliyi Haqqında İstiqlal Bəyannaməsinin cümhuriyyətçilik dəyərlərinə, 18 oktyabr 1991-ci ildə qəbul edilmiş müstəqilliyin bərpası haqqında “Azərbaycan Respublikasının Konstitusiya Aktı”nın təməl prinsiplərinə, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının “Xalqın Suverenliyi”, eyni zamanda Dövlətin əsasları fəslinin “Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir” prinsipinə, bötövlükdə Konstitusiyanın ruhuna və fəlsəfəsinə zidd olduğuna əsaslanaraq Konstitusiya Məhkəməsi təklif olunan bu referendum aktı layihəsinə müsbət rəy verilərək referenduma çıxarılmasını qəbuledilməz sayır.

XS
SM
MD
LG