Accessibility links

Azərbaycanda vətəndaş fəallarına qarşı yeni repressiya dalğası başlayıb. Belə ki, avqustun 12-də bir neçə gənc fəal həbs olunub, Human Rights Watch təşkilatının bəyanatında deyilir.

Əvvəlkitək fəallar narkotik maddə saxlamaqda ittiham olunurlar. Elgiz Qəhrəmanov bir həftə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb və vəkili yanına buraxılmayıb.

E.Qəhrəmanov NİDA Vətəndaş Hərəkatının üzvüdür. O, Bakının mərkəzində saxlanılıb və guya onun cibindən 3.315 qram heroin tapılıb. Qəhrəmanovu 12 ilədək həbs cəzası gözləyir.

Son üç ildə Azərbaycan hökuməti özgəfikirliləri sıxışdırır, onlarla siyasi fəalı, hüquq müdafiəçisini, jurnalist və tənqidçini həbsə alır, HRW qeyd edib.

Hakimiyyət avqustun 12-də REAL Hərəkatının icra katibi Natiq Cəfərlini də həbs edib. O, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunur.

Baş Prokurorluq sui-istifadə ittihamı üzrə cinayət işi qaldırıb, onu 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Avqustun 15-də fəallar Elşən Qasımov və Toğrul İsmayılov guya polisə tabe olmamaq ittihamı ilə həbs olunublar.

REAL Konstitusiyaya təklif edilən dəyişikliklərin açıq şəkildə əleyhinə olub. Bu dəyişikliklər prezidentliyə namizəd üçün minimal yaş həddi tələbinin ləğvini, prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilədək artırılmasını, həmçinin prezidentə əlavə səlahiyyətlərin verilməsini nəzərdə tutur.

Hakimiyyət bu repressiyalara son qoymalı, həbs olunanları azad etməli, azadlıq və demokratiya sahəsində öz öhdəliklərini yerinə yetirməlidir, bəyanatda deyilir.

XS
SM
MD
LG