Accessibility links

“Nardaran işi” üzrə təqsirləndirilənlər DİN rəhbərinin məhkəməyə gəlməsini tələb edirlər


Nardaranda etiraz

Nardaranda etiraz

Avqustun 18-də “Nardaran işi” üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslər daxili işlər nazirinin məhkəməyə gəlməsini tələb edib. Onlar bunu nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşlarının onlara işgəncə verərkən nazirlik rəhbərliyinin əmrinə istinad etmələri ilə əsaslandırıb.

““Bandotdel”də bizə işgəncə verərkən deyirdilər ki, DİN rəhbərliyinin də, dövlət başçısının da baş verən hər şeydən xəbəri var. Buna görə nazir gəlsin və desin, görək onun işgəncələrdən xəbəri olubmu? Bizi günahlandırdıqları silahı haradan tapıblar?”, müttəhim Abbas Hüseynov bildirib. Amma onun vəkili prosesdə iştirak etdmədiyinə görə vəsatətin müzakirəsi təxirə salınıb.

Avqustun 18-də prosesdə “zərərçəkmişlər” ifadə veriblər. İlk olaraq BMCMİ məxfi şöbəsinin rəisi Elman Bayramov ifadə verib. O bildirib ki, 2015-ci il noyabrın 26-da saat 10.30-da BMCMİ-də operativ iclas keçirilib. Müəyyən olunub ki, Taleh Bağırzadə Nardaranda Əbülfəz Bünyadovun evində toplantılar keçirir. Bundan sonra Nardarana qrup göndərilib, 12:45-də qrup qəsəbəyə çatıb. Saat 13:00 radələrində əməliyyat başlayıb. Təxminən 20 nəfər BMCMİ əməkdaşı və digər polis əməkdaşları var idi. İki polis əməkdaşı qapıdan içəri girdi, bir neçəsi isə hasardan endi.

Bayramovun iddiasına görə, polislərə qumbara atılıb. Bu zaman o, etiraf edib ki, özü partlayışı görməyib, yalnız gurultu eşidib. Bundan sonra atışma başlayıb.

Bu zaman vəkillər polisin niyə əvvəlcə dindarlara səsgücləndiricilərlə təslim olmağı təklif etmədiyini soruşub. Bayramov bunu “kənddə səs-küy yaratmaq istəməməklə” izah edib.

O, saxlanılanlara qarşı işgəncə faktlarını inkar edib, amma etiraf edib ki, Bağırzadə saxlanılarkən müqavimət göstərməyib.

Bayramov həmçinin deyib ki, saxlanılarkən Bağırzadədən kompüter müsadirə ediblər, Tale Bağırzadə isə dərhal bunu təkzib edib.

“İş materiallarında planşetdən bəhs edilir, amma mənim ümumiyyətlə planşetim olmayıb. Mənim noutbukum olub, amma kompüterimi müsadirə etməyiblər”, deyə Bağırzadə bildirib.

Bayramovun ifadələrində digər uzlaşmayan məqamlar da olub. Belə ki, o iddia edib ki, əməliyyat və sakinlərin saxlanılması 15 dəqiqə davam edib. Amma vəkil Yalçın İmanov istintaq protokoluna istinadla əməliyyatın 1 saat çəkdiyini bildirib.

Vəkil həmçinin Bayramovun polislərin özlərinin yaralıları xəstəxanaya apardığı haqqında sözlərini təkzib edib. “Təqsirləndirilən şəxslər və yerli sakinlər özləri zərərçəkmişləri əvvəlcə kəndin tibb məntəqəsinə, oradan isə təcili yardım maşınları ilə xəstəxanalara aparıblar”, deyə İmanov bildirib.

Təqsirləndirilən Rasim Cəbrayılov bildirib ki, MCMİ-də Bayramov ona işgəncə verib və ailəsi ilə şantaj edib etirafedici ifadələr alanlardan biri olub. Bayramov bunu təkzib etməyə çalışıb, buna cavabda Cəbrayılov deyib: “Yalan deyirəmsə Quran mənə qənim olsun”. Digər təqsirləndirilən şəxs – Abbas Quliyev də bildirib ki, Bayramov ona işgəncə verənlərdən biri olub. Məhkəmənin növbəti iclas avqustun 24-nə təyin olunub.

*2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı atışmada ikisi polis olmaqla, 6 nəfər həlak olub. Bu iş üzrə ümumilikdə 70 nəfərə yaxın insan, əsasən “Müsəlman Birliyi” Hərəkatının üzvləri və tərəfdarları məsuliyyətə cəlb olunub. Onlar konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhddə, mütəşəkkil silahlı cinayətkar dəstə yaratmaqda və s. ittiham olunurlar.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə təqsirləndirilən 18 nəfərin işi üzrə proses gedir. Onlar arasında AXCP sədr müavini Fuad Qəhrəmanlı da var. O, dövlət əleyhinə çağırışlardan, dini ədavət salmaqda, kütləvi iğtişaşlara çağırışda ittiham olunur. Əslində Qəhrəmanlı öz facebook səhifəsində nardaranlıları öz hüquqlarını müdafiə etməyə çağıran müraciət yazmışdı.

XS
SM
MD
LG