Accessibility links

İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirləcək referenduma etiraz olaraq müddətsiz quru aclığa başlayıb.

Bu barədə vəkili Yalçın İmanov Amerikanın Səsinə bildirib.

Vəkil avqustun 30-da Səmədovun saxlandığı Qobustan qapalı həbsxanasında onunla görüşüb.

İmanov deyib ki, Mövsüm Səmədov avqustun 29-dan aclıq aksiyasına başlayıb və aksiyanın tələbləri ilə bağlı həbsxana rəhbərliyini yazılı şəkildə məlumatlandırıb.

Səmədov bildirib ki, referendum aktında Konstitusiyaya kifayət qədər mürtəce dəyişiklilkər nəzərdə tutulur və həmin dəyişikliklərin qəbulu ölkədə monarxiya üsulunun rəsmiləşdirilməsi anlamına gəlir.

"Mövsüm Səmədov həkim nəzarətində olmasını istəyir", vəkil qeyd edib.

Penitensiar Xidmətdən məlumatla bağlı hələ şərh almaq mümkün olmayıb.

Mövsüm Səmədov İslam Partiyasının Məclisində Azərbaycan hakimiyyətini kəskin tənqid etdikdən beş gün sonra - 2011-ci il yanvarın 7-də həbs edilib. Məhkəmənin hökmü ilə M.Səmədov və İslam Partiyasının daha 6 fəalı hakimiyyəti ələ keçirməyə cəhd, qanunsuz silah saxlamaq və digər cinayətlərdə ittiham olunaraq uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. M.Səmədova 12 il həbs verilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun şikayəti üzrə kommunikasiyaya başlayıb.

2014-cü ildə oktyabrın 9-da Qaradağ rayon Məhkəməsi 12 saylı cəzaçəkmə müəssisəsində keçirilən səyyar iclasında bu müəssisə rəhbərliyinin İslam Partiyasının lideri Mövsüm Səmədovun 2 il müddətinə Qobustan həbsxanasına köçürülməsi haqqında təqdimatını təmin edib. Bu qərar guya Səmədovun nizam-intizam qaydalarını pozması ilə əsaslandırılıb.

Müdafiə tərəfinin fikrincə, M.Səmədovun cəzalandırılmasının əsl səbəbi onun təsiri ilə məhbusların arasında dindarların sayının artmasıdır.

XS
SM
MD
LG