Accessibility links

Faiq Əmirlinin apellyasiya şikayəti təmin olunmayıb


Faiq Əmirli
Faiq Əmirli

Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb

Sentyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirli barəsində həbs qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Vəkil Aqil Layıcovun Amerikanın Səsinə verdiyi məlumata görə, məhkəmə Faiq Əmirlinin apellyasiya şikayətini təmin etməyib.

Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Vəkilin sözlərinə görə, prosesdə Faiq Əmirlinin özü də iştirak edib.

O, çıxışında ona verilmiş ittihamla razılaşmadığını, istintaqın qurama olduğunu və seçilmiş səhv qurban olduğunu deyib.

Vəkil prosesdə heç bir vəsatət qaldırılmadığını, bundan sonra Avropa Məhkəməsinə şikayət ediləcəyini deyib.

İbtidai istintaqa gəldikdə isə, vəkil Əmirlinin həbsindən sonra hal-hazırda heç bir istintaq hərəkətlərinin aparılmadığını deyib.

Qeyd edək ki, F. Əmirli Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirli bilinir.

AXCP isə F. Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG