Accessibility links

Vahid Mustafayev: Biz bu gün sizə padşah kimi baxırıq. Siz də heç olmasa, öz nökərlərinizi fikirləşin


ANS
ANS

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin daha bir iddiasına baxılıb

Sentyabrın 2-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin daha bir iddiasına baxılıb.

AzadlıqRadiosunun məlumatına görə, iddiada ANS telekanalının fəaliyyətinin dayandırılmasına dair Milli Televiziya və Radio Şurasının qərarının ləğvi, şirkətə dəymiş 4 milyon 317 min maddi ziyan, 355 min əldən çıxmış fayda, 1 milyon da mənəvi ziyanın ödənilməsi tələb olunurdu.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şirkətin vitse-prezidenti Mirşahin Ağayev çıxış edib:

"Bu gün Azərbaycanda tarixi məhkəmə iclası keçirilir. Bu, eyni zamanda tarixin məhkəməsidi. Mühakimə olunan həm də tarixin 25 illiyidir.

Biz 25 ildir ki, işləyirik, uşaq deyilik, mövcud oyun qaydalarını da yaxşı bilirik. Ona görə də heç bir yazılmış və yazılmamış qanunu pozmamışıq".

Şirkətin prezidenti Vahid Mustafayev qərara etirazını bildirib.

"Biz bu gün sizə padşah kimi baxırıq. Siz də heç olmasa, öz nökərlərinizi fikirləşin, adamları küçələrdə ac qoymayın. Bizi öldürməyin, qoyun yaşayaq. Sabah yenə bizə ehtiyacınız olacaq. Xahiş edirik, bir az mərhəmətli olun, nəzərə alın ki, biz də adamıq, biz də vətəndaşlarınızıq".

Bunu "ANS” Müstəqil Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev sentyabrın 2-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində çıxış edərkən hakim Elçin Məmmədova deyib.

Vahid Mustafayev qeyd edib ki, yayımın dayandırılması barədə qərar indiyə qədər onlara verilməyib, ANS-in 1000-ə qədər əməkdaşı pis vəziyyətdə qalıb.

“Beynəlxalq şirkətlər Teleradio Şurasına qarşı beynəlxalq müstəvidə iddialar qaldıracaq. Çünki Azərbaycan ərazisində onların hüquqları pozulub, söhbət 100 minlərlə dollarla ölçülən itkilərdən gedir. Bizimlə müqaviləsi olmuş beynəlxalq strukturların qarşısını alırıq. Vəd veririk ki, dövlətimiz bu məsələnin qarşısını alacaq. Bu, həmin dövlətdir, həmin məhkəmədir ki, ona görə vuruşmuşuq. Biz döyüşlərdə olmuşuq, bədənim tikə-tikədi. Bizim nə günahımız var axı?”, V.Mustafayev deyib.

Məhkəmədə “ANS ÇM" radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiasına baxılır. ANS ÇM, radionun lisenziyasına xitam verilməsi və yayımının dayandırılması barədə Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli qərarının qanunsuz və etibarsız hesab olunaraq ləğvini, həmçinin Şuradan 1 milyon təzminat tələb edir.

Məhkəmədə səfirliklərin nümayəndələri də iştirak edib.

MTRŞ ANS-in lisenziyasının ləğvi üçün müraciətini iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayımlanmasıyla əsaslandırıb. Bildirilib ki, telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fəthullah Gülən-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi.

XS
SM
MD
LG