Accessibility links

AXCP fəalı atasının dəfninə buraxılmayıb


Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)

Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-dan həbsdədir

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) İdarə Heyətinin üzvü Məmməd İbrahim atasının dəfnində iştirak etmək üçün buraxılmayıb. Siyasi fəalın atası sentyabrın 4-də dəfn olunub.

Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib.

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyev adlı şəxsin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub.

O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub, ona Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra ittiham maddəsi ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub.

Martın 15-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 3 il azadlıqdan məhrum edilib.

O, ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Gözəl Bayramlının sözlərinə görə, Məmməd İbrahimin ailəsi siyasi fəalın atasının dəfnində iştirak etməsi üçün Penitensiar Xidmətə müraciət edib. “Ailənin müraciətinə indiyədək cavab verilməyib”.

AXCP sədri Əli Kərimli facebook səhifəsində yazıb ki, AXCP Rəyasət Heyətinin üzvü siyasi məhbus Məmməd İbrahimin atası rəhmətə gedib.

“Övladları ölkəmizin müstəqilliyi uğrunda mübarizədə, Qarabağ uğrunda savaşda iştirak etmiş, hər zaman ədalət uğrunda mübarizə aparmış bu atanın ürəyi niyə oğul həsrətilə yanmalı idi? Allah bu ataya rəhmət eləsin, haqsız yerə həbsxanalara atılmış bütün məhbusların qapısını açsın!” Ə. Kərimli qeyd edib.

XS
SM
MD
LG