Accessibility links

Müsavat Partiyası: Referendumun mahiyyəti, keçirilməsinin hansı zərurətdən irəli gəldiyi barədə xalqa izahat verilməyib


Musavat Partiyasi

Musavat Partiyasi

Partiya referendumla bağlı aralıq hesabatı yayıb

Hakimiyyət dairələri referendumun mahiyyəti, keçirilməsinin hansı zərurətdən irəli gəldiyi barədə xalqa izahat verməyib. Referenduma çıxarılan məsələlər rəy bildirilməsi üçün Avropa Şurası Venesiya Komissiyasına təqdim edilməyib. Hakimiyyət referenduma çıxarılan məsələlər barədə ictimai diskussiyalar təşkil etməyib, əksinə belə diskussiyaların qarşışı TV kanallarında debatların təşkil edilməməsi, referendum mövzusunun müzakirəyə çıxarılmaması ilə alınıb.

Bu barədə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsilə (referendumla) bağlı Müsavat Partiyasının aralıq hesabatında deyilir.

Sənəddə qeyd edilir ki, referendumla bağlı müxalifətin yaratdığı yeganə təşviqat qrupu olan "Respublika" qrupu Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən əsassız iddialarla qeydə alınmayıb. MSK-nın bu qərarından Apellyasiya Məhkəməsinə şikayət verilsə də, Apellyasiya Məhkəməsi MSK-nın qərarını qüvvədə saxlayıb. Bununla da referenduma çıxarılan məsələrlə bağlı fərqli fikrin ictimailəşdirilməsi imkanlarının qarşısı alınıb.

Hesabat Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahının ümumxalq səsverməsi (referendum) elan edilən gündən, - 31 avqust 2016-cı il tarixə - referendum üzrə təşəbbüs qruplarının qeydə alınmasının son gününə qədərki prosesdə baş verən pozuntular və dövlət qurumlarının törətdiyi qanun pozuntuları haqda topladığı məlumatları əhatə edir.

Prezident İlham Əliyev Konstitusiyaya prezidentlik müddətinin 7 ilədək artırılması, prezident iradəsinə bağlı vitse-prezidentlik institutunun yaradılması, prezident seçilmək üçün yaş həddinin aradan qaldırılması, prezidentə parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi, mülkiyyət hüququnun məhdudlaşdırlmasını nəzərdə tutan dəyişkilklər edilməsi ilə bağlı sentyabrın 26-da refernedum keçirilməsi barədə sərəncam imzalayıb.

“Bu dəyişikliklərin bir hissəsi Konstitusiyanın müvafiq maddələri ilə qadağan edilib. Konstitusiyanın 155-ci maddəsinə əsasən III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Lakin 29, 32, 42 və 49-cu maddələrə edilən təkliflər insan hüquqları və azadlıqlarının məhdudlaşdırır. Konstitusiyada Prezidentin səlahiyyətləri onsuz da geniş idi, bunların daha da artırılması hakimiyyətin qolları arasında pozulmuş tarazlığı bir qədər də artıraraq suverenliyin xalqdan alınaraq prezidentin əlində cəmləşdirilməsi, nəticə etibarilə də qanunverici hakimiyyəti icra hakimiyyətinin alt qoluna çevrilməsi deməkdir. “Hakimiyyətin üç qolu” prinsipinin bu dərəcədə prezidentin xeyrinə dəyişdirilməsi prezidentli respublika idarə üsuluna deyil, daha çox monarxik sistemə xasdır”, Müsavat Partiyası bildirib.

Hesabatda referendum elan edildikdən sonra həyata kerçirilən çoxsaylı həbslər, o cümlədən qanun pozuntuları ilə bağlı məlumatlar yer alır. Bunların arasında REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin və digərlərinin həbsi, imza toplanması zamanı Müsavat fəallatının təzyiqlərə məruz qalması, “Gülən işi” ilə bağlı media orqanlarının bağlanması var.

Öz növbəsində, rəsmi Bakı referendumun inkişafın nəticəsi olduğunu bildirib. İqtidar ölkədə bütün demokratik azadlıqların təmin edildiyini, seçkilərin azad şəraitdə keçirildiyini bəyan edir.

Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Halqıarı Bürosu və digər beynəlxalq təşkilatlar Azərbaycanda indiyədək keçirilən seçkilərin ATƏT standartlarına uyğun olmadığını bildirib.

XS
SM
MD
LG