Accessibility links

Məmməd İbrahim bir günlük azadlığa buraxılıb


Məmməd İbrahim

Məmməd İbrahim

AXCP sədrinin müşaviri Məmməd İbrahimi atasının yas mərasimində iştirakına icazə verilib.

Bu barədə Amerikanın Səsinə vəkili Yalçın İmanov məlumat verib.

Vəkilin dediyinə görə, M.İbrahimə bir gün yarımlıq icazə verilib.

"Məmməd İbrahim artıq 16 saylı Cəzaçəkmə Müəssisəsindən çıxıb, Yevlaxa yas məclisinə gedir. O, sentyabrın 7-də günortadan sonra müəssisəyə qayıtmalıdır", İmanov bildirib.

Məmməd İbrahimin atası sentyabrın 3-də vəfat edib. Onun atasının dəfnində iştirakına icazə verilməyib.

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevə qarşı fiziki qüvvə tətbiqində ittiham olunan Məmməd İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər- Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən Məmməd İbrahim onlara qarşı da fiziki qüvvə tətbiq edib.

Bundan sonra M.İbrahimə qarşı ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib. Ancaq M.İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

XS
SM
MD
LG