Accessibility links

Nəsimi rayon Məhkəməsi REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin girov müqabilində azadlığa buraxılması barədə verdiyi ərizəni təmin etməyib.

Vəkil Cavad Cavadlı Amerikanın Səsinə bildirib ki, ərizədə Natiq Cəfərlinin həyat yoldaşına məxsus mənzilin girov qoyulması göstərilib.

Vəkil bildirib ki, Natiq Cəfərlinin özü də məhkəmədə iştirak edib.

O, prosesdə məhkəməyə verilən ərizəni müdafiə edərək həbsinin absurd olduğunu, hüquqi əsasları olmadığını və heç bir yerə qaçamayacağını bildirib.

Vəkilin dediyinə görə, bütün bunlara baxmayaraq hakim ərizəni təmin etməyib. Natiq Cəfərli barədə həbs qətimkan tədbiri dəyişilməyib.

“Biz bu qərardan apellyasiya şikayəti verəcəyik”, o qeyd edib.

İbtidai istintaqa gəldikdə, vəkil heç bir istintaq hərəkəti aparılmadığını xatırladıb.

Natiq Cəfərli avqustun 12-də saxlanılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Natiq Cəfərli Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

O, ittihamları qəbul etmir. REAL Hərəktı Cəfərlinin həbsini siyasi sifariş hesab edir. Beynəlxalq təşkilatlar hökuməti Cəfərlini həbsdən azad etməyə çağırıb.

XS
SM
MD
LG