Accessibility links

Məhkəmə AXCP fəalını ev dustaqlığına buraxmayıb


Fuad Əhmədli

Fuad Əhmədli

Fuad Əhmədli ağ ciyər xəstəliyindən əziyyət çəkir

Bakının Nəsimi rayon Məhkəməsi sentyabrın 8-də müdafiə tərəfinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Fuad Əhmədli barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatətini təmin etməyib.

Bu barədə vəkili Əsabəli Mustafayev bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfi Əhmədlinin səhhətində ciddi problemlər və onun istintaq təcridxanasında saxlanılmasının həyatı üçün təhlükəli olması haqqında tibbi arayışları məhkəməyə təqdim edib.

Amma, hakim Şəlalə Həsənova müdafiə tərəfinin dəlillərini diqqətə almayıb. Vəkil bu məhkəmə qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Fuad Əhmədli ağ ciyər xəstəliyindən əziyyət çəkir.

Doğmalarının sözlərinə görə, həbsindən bir müddət əvvəl fəal pnevmotoraksla (ağ ciyər səthinin zədələnməsi nəticəsində plevral boşluğa hava daxil olması) əlaqədar əməliyyat keçirib. Bu xəstəlik tənəffüs çətinliyi, öskürək, fiziki yükə tab gətirmənin azalmasına səbəb olur. İstintaq təcridxanası şəraitində sıxlıq və havalandırmanın pis olması ilə əlaqədar xəstəlik ağırlaşır. Əhmədli həbsin ilk günlərində, Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılarkən artıq "təcili yardım" çağırıılıb.

Əhmədli avqustun 18-də saxlanılıb. Avqustun 19-da axşam Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq Əhmədlinin işi ilə bağlı birgə məlumat yayıb.

Məlumatda deyilir ki, Əhmədli işlədiyi "Azərfon" mobil rabitə şirkətinin abunəçilərinin şəxsi məlumatlarının yayılmasında ittiham olunur. Əhmədliyə qarşı əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmaq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb. Hüquq-mühafizə orqanlarının iddiasına görə, Əhmədlinin mənzilində axtarış zamanı qanunvericiliklə qadağan olunmuş dini ədəbiyyat və CD disklər, Fətullah Gülənin çıxışları olan vərəqələr tapılıb. Avqustun 23-də hüquq-mühafizə orqanları Əhmədlinin işinin digər AXCP fəalı, Gülən təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən Faiq Əmirovun işi ilə bir icraatda birləşdirildiyini bildirib.

AXCP bu ittihamları təkzib edir və siyasi motivlərlə saxta ittihamlar irəli sürüldüyünü bildirir.

XS
SM
MD
LG