Accessibility links

Vəkil: Fuad Əhmədli ilə görüşə qadağa qoyulub


Fuad Əhmədli

Fuad Əhmədli

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədli ilə görüşə və telefon danışığına müstəntiq qadağa qoyub. İndi bunu aradan qaldırmaq üzərində işləyirik".

Bunu AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev bildirib.

Vəkil qeyd edib ki, istintaq Fuad Əhmədliyə cinayət Məcəlləsinin 302.1-ci (axtarış-əməliyyat tədbirlərini pozmaq) və 308-2-ci (səlahiyyət hədini aşmaq) maddəsi ilə cinayət işi başlayıb.

Vəkil «Aztelekom»da operator işləyən bir şəxsin yüksək səlahiyyətlərə malik olmasını başa düşülən saymır. Ə.Mustafayev qeyd edir ki, F.Əhmədlini Dövlət Təhlükəsizliyi Xidməti həbs edənə qədər daha 3 nəfər bu işə görə saxlanmışdı. İstintaqın iddiasına görə, F.Əhmədli məlumatları onlardan birinə ötürüb.

"Fuad Əhmədli isə ümumiyyətlə, bu adamları tanımadığını və hər hansı şəkildə əlaqəsi olmadığını deyir", o vurğulayıb.

Mustafayevin dediyinə görə, "Azadlıq" qəzetinin direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsindən sonra F.Əhmədlinin istintaqı 3 nəfərin işindən ayrılıb. O, Kürdəxanı təcridxanasına gətirilib.

"Burada da narahatedici məqam var. Belə ki, F.Əhmədliyə qarşı yeni ittiham irəli sürülə bilər. Düzdür, bu, ehtimaldır, amma narahatlıq doğuran ehtimaldır".

Ancaq vəkilin dediklərinə istintaq orqanı hələ münasibət bildirməyib.

Fuad Əhmədli bu il avqustun 18-də saxlanıb. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İstintaqın iddiasına görə, F.Əhmədlinin yaşadığı evdə axtarış aparılan zaman oradan bu il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırılan Fəthullah Gülənin əsərləri tapılıb. Vəkil isə ittihamları rədd edir.

XS
SM
MD
LG