Accessibility links

Vəkil: Mövsüm Səmədova qarşı ikili standartlar var [Audio-müsahibə]


Mövsüm Səmədov

Mövsüm Səmədov

İslam Partiyasının lideri 17 gündən sonra aclığı dayandırıb

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov 17 gün davam etdirdiyi aclıq aksiyasını dayandırıb.

O, avqustun 29-dan aclığa başladığını bəyan edib.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Səmədov aclıq aksiyası keçirməklə sentyabrın 26-da konstitusiyaya ediləcək dəyişiklikərlə bağlı keçiriləcək referenduma etiraz edib.

M.Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdində və başqa ağır cinayətlərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

O, 2014-cü ilin sonlarında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində qaydaları pozmaqda ittiham olunub və məhkəmənin qərarı ilə 2 illiyə Qobustandakı qapalı tipli həbsxanaya göndərilib. Səmədov hökuməti kəskin tənqid edən çıxışından sonra həbs edilib.

Vəkil sentyabrın 15-də Səmədovun saxlandığı Qobustan qapalı həbsxanasında onunla görüşüb.

“M.Səmədov aclığı sentyabrın 15-də dayandırıb. Həmin gün həmçinin, Səmədovun cərimə kamerasında (karser) saxlanma müddəti başa çatdığından o, kameraya qaytarılıb”.

Vəkilin sözlərinə görə, İslam Partiyasının lideri aclığa başladığına görə avqustun 31-də 15 gün müddətinə karserə salınıb.

Yalçın İmanov Səmədovun səhhətində problemlər olduğunu deyib. “O, çox zəifdir, təzyiqi düşür, səhhətində problemlər var. Qırmızı Xaçın nümayəndələri Mövsüm Səmədova baş çəksələr də, hazırda heç bir həkim nəzarəti yoxdur”, o qeyd edib.

Vəkil M.Səmədovun aclıq aksiyasına QHT-lərin, siyasi partiyaların, beynəlxalq hüquq-müdafiə təşkilatlarının reaksiyasından razı deyil.

“Səmədov başladığı aksiyaya daha geniş reaksiyanın olacağını gözləyirdi. Lakin, ikili standartlarla qarşılaşdı. Belə ki, onun aksiyasına beynəlxalq hüquq-müdafiə təşkilatları da reaksiya vermədi. Əgər, hüquq müdafiə təşkilatlarının qarşıya qoyduğu məqsəd insan hüquqlarını qorumaqdırsa, Səmədovun hüquqları pozulub. Bu insanın hüquqlarının pozulmasına reaksiya verilməməsinin səbəbləri izah edilə bilməz”, o qeyd edib.

İmanov həmçinin Mövsüm Səmədovum şikayəti üzrə Avropa İnsan Haqları Məhkəməsinin gözləmə mövqeyi tutmasını da qəbul etmir.

“Avropa Məhkəməsi Mövsüm Səmədovun iki şikayəti üzrə kommunikasıyanı bir neçə il qabaq başa çatdırıb. Amma, qərar hələ elan edilməyib. Bu da ikili standartlardan irəli gəlir. Necə olur ki, siyasi və vicdan məhbusu kimi tanınmış bəzi şəxslər barədə bir il ərzində qərar elan edilir, amma Səmədova gələndə qərarın elan edilməsi bir neçə ildir gözlədilir”, vəkil bildiririb.

XS
SM
MD
LG