Accessibility links

Cahangir Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb


Cahangir Hacıyev

Cahangir Hacıyev

Vəkillərin etirazı qəbul olunmayıb

Cahangir Hacıyev və daha 7 nəfərin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən prosesdə sənədlərin tədqiqi mərhələsidir.

Azadlıq Radiosunun məlumatına görə bugünkü məhkəmə iclasında Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasına etiraz verib. Vəkillər etirazı məhkəmənin tələsik keçirilməsi, lazımi araşdırma aparılmaması, müdafiə tərəfinin vəsatətlərinə qiymət verilməməsi və s. səbəblərlə əsaslandırıb.

Vəkillərin etirazı qəbul olunmayıb.

Daha sonra iş materiallarındakı sənədlər elan olunarkən Cahangir Hacıyev arayış vermək istədiyini deyib. «O vaxt kreditlər manatla verilib. Amma istintaq rəqəmi şişirtməkdən ötrü hesablamanı düz aparmayıb. Manatla verilən kreditləri o dövrün məzənnəsi ilə dollara çeviriblər, sonra da bugünkü məzənnə ilə hesablayıblar. İki dəfə devalvasiya olduğundan rəqəmlər şişib», - C.Hacıyev bildirib.

Daha sonra C.Hacıyevin vəkilləri müxtəlif adamların məhkəmədə dindirilməsi, müvafiq qurumlardan (Maliyyə Nazirliyi, Beynəlxalq Bank və s.) sənədlərin alınması barədə vəsatətlər qaldırıblar. Vəkillərin məhkəmədə dindirilməsini istədikləri şəxslər arasında maliyyə naziri Samir Şərifov, Beynəlxalq Bankdan ayrılan kreditlər üzrə daxili layihələrə faktiki olaraq rəhbərlik edən keçmiş deputat Dünyamin Xəlilov və xarici layihələrə rəhbərlik edən Xəqani Bəşirov da var.

«Akif Əliyev və Emin Mustafayev həmin layihələrdə iştirak ediblər, lakin məhkəmədə heç nədən məlumatlı olmadıqlarını dedilər. Dünyamin Xəlilov saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından gətirilə bilər. Avropa Konvensiyasına görə, Lüksemburq ofisində çalışan Xəqani Bəşirov da qanunauyğun olaraq gətirilə bilər», - vəkil Fəxrəddin Mehdiyev bildirib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra istintaqının yekunlaşması barədə qərar qəbul olunub. Dövlət ittihamçısı Fərid Nağıyev çıxışa hazırlaşmaqdan ötrü vaxt istəyib. Məhkəmə sentyabrın 27-nə qədər təxirə salınıb.

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

XS
SM
MD
LG