Accessibility links

Gənc fəalın istintaqında polislərlə mübahisə düşüb


Bayram Məmmədov (Foto by: Amid Süleymanov)

Bayram Məmmədov (Foto by: Amid Süleymanov)

Sentyabrın 22-də 1 saylı Bakı İstintaq Təcridxanasında gənc fəal Bayram Məmmədovun cinayət işi ilə bağlı istintaq hərəkətləri aparılıb.

Bu haqda vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin yazdığına görə, istintaq hərəkətləri zamanı gənc fəalla polis əməkdaşları Şirəli Babayev, Naib Ömərov, Fərid Babayev və hal şahidi Nizami Quliyev üzləşdirilib.

“Bayram Məmmədov həmin polis əməkdaşlarının işgəncəsinə məruz qalması barədə ifadəsini elə ona işgəncə verən şəxslərin üzünə dedi. Elə bu zaman mübahisə yaşandı", vəkil bildirib.

O üzləşmədə mübahisəni belə nəql edib.

“Polislərdən Şirəli Babayev üzləşmə zamanı bildirdi ki, “Bayram Məmmədovu, onu öyrədənləri, müdafiə edənləri “krestit” ( xaçlamaq – red.) etmək lazımdır”. Onun bu ifadələrinin protokollaşdırılması zamanı mübahisə baş verdi, bizə hücum cəhdi etdi. Təcridxana əməkdaşları onu otaqdan çıxardılar”, vəkil bildirib.

Vəkil istintaq hərəkətlərinin davam etdiriləcəyini qeyd edib.

Vəkilin üzləşdirmə ilə bağlı dediklərinə Şirəli Babayev və digər polislərin mövqeyini öyrənmək mümkün olmayıb.

B. Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi bildirilir.

XS
SM
MD
LG