Accessibility links

Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevə 17 il həbs istəyib.

O, Cahangir Hacıyevin və digərlərinin 3 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmələrini, Cahangir Hacıyevin 17 il, İlqar Abdullayevin 8 il, Yusif Ələkbərovun 11 il, İbrahim Hüseynovun 11 il, Anar Sultanovun 8 il, Məhəmməd Cahangirovun 8 il, Kənan Orucovun 7 il 6 ay 23 gün, Azad Cavadovun 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Prokuror Fərid Nağıyev deyib ki, C.Hacıyev həyat yoldaşı Zamirə Hacıyeva və digərləri ilə birlikdə dövlət əmlakını talayıb, vəzifə saxtakarlığı edib.

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Proses oktyabrın 3-də müdafiə çıxışları ilə davam edəcək.

"Biz sözümüzü çıxışda deyəcəyik. Əvvəlcədən demişik ki, bu işin cinayət tərkibi yoxdur, iş mülki xarakterlidir. Dəfələrlə bu barədə vəsatətlər qaldırmışıq", vəkil qeyd edib.

Cahangir Hacıyev Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Cahangir Hacıyev ittihamları qəbul etmir.

XS
SM
MD
LG