Accessibility links

Milli Məclis çoxsaylı qanunlara dini ekstremizmlə bağlı dəyişiklik edib – ömürlük cəza da var


Milli Məclis

Milli Məclis

Oktyabrın 28-də Milli Məclisin plenar iclasında deputatlar qanunvericiliyə dini ekstremizmə qarşı mübarizə üzrə dəyişikliklər paketini təsdiq edib.

“Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər ekstremist fəaliyyət aparan dini qurumların ləğvini nəzərdə tutur.

Qanun layihəsini təqdim edən parlamentin dini qurumlar və ictimai birliklər üzrə komitəsinin rəhbəri Siyavuş Novruzov deyib ki, müxtəlif vaxtlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müxtəlif rəhbərləri “öz maraqlarına xidmət edərək”, 719 dini icmanı qeydiyyata alıb.

“Söhbət ekstremist fəaliyyəti ilə məşğul olan təşkilatların bağlanmasından gedir”, o bildirib.

Bundan başqa, parlament dini ekstremistlərə qarşı xüsusi əməliyyat həyata keçirən hüquq-mühafizə orqanlarının əməliyyat yerində jurnalistlərin fəaliyyətinə nəzarət etmək hüququna malik olması, əməliyyat haqqında məlumatın forma və həcmini müəyyən etmək, əməliyyat ərazisinə gedən yolları bağlamaq və elektrik enerjisi, su, qaz verilməsini dayandırmaq hüququna malik olması barədə müxtəlif qanunlara düzəlişləri qəbul edib.

Qanun layihələrinin müzakirəsi zamanı deputat Elmira Axundova ekstremist dini qrupları maliyyələşdirən şəxslər barəsində cəzaları sərtləşdirməyi təklif edib. Onun fikrincə, bu qrupların həm iştirakçısı, həm də onları maliyyələşdirən şəxs üçün eyni cəzanın - 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması doğru deyil.

“Ekstremistləri maliyyələşdirən şəxs daha təhlükəlidir”, Axundova belə hesab edir.

Deputat Fazil Mustafa dini təbliğatla bağlı xaricdən sifariş yerinə yetirən KİV-lərin fəaliyyətinə xüsusi diqqət yetirilməsini təklif edib.

Deputat Qənirə Paşayeva Azərbaycanın hüdudlarından kənarda dini təhsil almış şəxslərin dini tədbirlər və ayinlər həyata keçirməsinin qadağan edilməsini dəstəkləyib. O, öz fikrini xarici dini təhsil müəssisələrində dini cərəyanlar arasında düşmənçiliyə xüsusi əhəmiyyət verildiyi ilə əsaslandırıb.

Deputat Zahid Oruc deyib ki, bəzi ölkələrdə, xüsusən İranın Qum şəhərində dini təhsil ödənişsizdir, bu da Azərbaycan vətəndaşları üçün həmin təhsili cəzbedici edir.

“Bununla əlaqədar olaraq bizdə, xüsusən Bakı İslam Universitetində də təhsil pulsuz olmalıdır”, o qeyd edib.

Milli Məclis Cinayət Məcəlləsinə “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarının pozulmasına görə məsuliyyət tədbirlərinin sərtləşdirilməsini nəzərdə tutan əlavələri və düzəlişləri də qəbul edib.

Sənədə görə, Cinayət Məcəlləsində 278.2-ci maddə əlavə olunub. Bu maddəyə görə, dini düşmənçilik, dini radikalizm və fanatizm zəminində hakimiyyətin ələ keçirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün bölünməsinə yönələn hərəkətlərə görə 15 ildən 20 ilədək həbs cəzası və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Cinayət Məcəlləsinə 167-1.4-cü maddə əlavə edilib. Bu maddəyə görə, dini düşmənçilik, dini radikalizm və fanatizm zəminində hər hansı dinə (dini cərəyana) etiqada, o cümlədən dini ayinlərin və mərasimlərin icrasına və ya dini ayinlərdə və mərasimlərdə iştiraka məcbur edən şəxslər 7-9 min manat həcmində cərimə olunacaq və ya 2 ildən 5 ilədək azadlıqdam məhrum ediləcək.

Düzəlişlər həmçinin dini ekstremizmə çağırışa dair materialların hazırlanması, saxlanması və yayılmasına görə 8 -11 min manat həcmində cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni 167-3-cü maddəyə görə, ekstremist xarakterli dini materialların hazırlanmasının, saxlanmasının və yayılmasının maliyyələşdirilməsinə görə eyni cəza nəzərdə tutulur.

Digər yeni əlavə maddə - 279.1-1-ci maddəyə görə, dini düşmənçilik, dini radikalizm və ya fanatizm zəminində silahlı birliklərin və qrupların yaradılması və belə qrupların fəaliyyəti və onlarda iştirak 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsinə əlavə edilən 283.1-1 maddəyə əsasən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılmasına, həmçinin belə hərəkətlərin maliyyələşdirilməsinə görə 3 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur.

XS
SM
MD
LG