Accessibility links

Onlar Heydər Əliyev parkında diktaturaya, rüşvətə son yazıblar

Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) müstəqil fəal Tapdıq Məmmədov və NİDA Vətəndaş Hərəkatının fəalı Elmir Təhmin yerli məhkəmənin qərarı ilə inzibati qaydada 30 sutka həbs edilib.

Bu barədə Amerikanın Səsinə NİDA Vətəndaş Hərəkatından bildiriblər.

Məlumatda deyilir ki, inzibati həbsə səbəb fəalların noyabrın 5-də gecə saatlarında Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkına "Diktaturaya yox!", “Rüşvətə son!” şüarları yazması olub.

AzadlıqRadiosunun əldə etdiyi məlumata əsasən Gəncə şəhəri Kəpəz rayonu polis bölməsinin rəis əvəzi Adil Əliyev gənclər barədə "şikayət" olduğunu təsdiqləyib. O, “Daxili İşlər Nazirliyinin göstərişi var. Nazirliyin mətbuat xidməti informasiya verə bilər ” deyərək, işlə bağlı əlavə məlumat vermək səlahiyyətinin olmadığını ifadə edib.

“Mən bu iş barəsində məlumat verə bilmərəm. Təhqiqat, araşdırma aparılır”, deyən A.Əliyev işdə zərərçəkənin olduğunu, gənclər barəsində vətəndaşın şikayət etdiyini bildirib.

Rəis əvəzi gənclər barəsində hər hansı məhkəmə qərarının olub-olmaması haqda da detallı danışmayıb. Ancaq əlavə edib ki, hər bir işdə olduğu kimi gənclərin işində də saxlama rəsmi qaydada həyata keçirilib.

Sosial şəbəkələrdə noyabrın 5-də gecə saatlarında Gəncədə gənc fəallar Tapdıq Məmmədov və Elmir Təhminin saxlanması barədə xəbər yaymışdı.

XS
SM
MD
LG