Accessibility links

Bayram Məmmədov: Həbsimin səbəbi “Qul bayramınız mübarək!” yazmağımdır [Video]


NİDA fəalının məhkəməsi başlayıb

“Mən sussam “böyük qardaş” elə bilər qorxuram. Bilirəm, siz də (sədrlik edən hakim Eynulla Vəliyevə üzünü tutaraq) hakim Ənvər Seyidov Qiyas İbrahimova ağır cəza verdiyi kimi mənə yüksək cəza verəcəksiniz. Vecimə deyil. Məhkəmə icra orqanından aşağı orqandır. Sizdən yuxarıda iqtidar var, onların tapşırığını yerinə yetirirsiniz”.

Bu bəyanatla noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Bayram Məmmədov sərbəst ifadəsində bildirib.

Sədrlik edən hakim Məmmədovu təhqirə yol verməməyə çağırıb.

“Mən tənqidi fikirlərimi deyirəm. İttiham üzrə özümü günahkar saymıram, əqidəmə görə tutulmuşam. Mənin həbsimin səbəbi əksəriyyətinizin babası olan, mənimsə qohumum olmayan Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” yazmağımdır. Bunu yazmaqda məqsədimiz ədalətsizliyə etirazdır”, o qeyd edib.

O hesab edir ki, hərəkətləri “böyük qardaşı” hirsləndirib.

“Hər yerdə, həbsxanada tez-tez sual edirlər,- atanın abidəsinə belə sözlər yazardın? Hiss edirəm ki, “böyük qardaş”ı hirsləndirmişəm”.

Çıxışın bu yerində sədrlik edən zaldakılara hirslənib və arxa sırada oturub gülüşünə hakim kəsilə bilməyən bir xanımı məzəmmət edərək zaldan çıxarıb.

“Bura məhkəmədir, gülmək yeri deyil. Arxada oturan bir qadına, -saqqızı çıxarın!. Bu, (Bayram Məmmədova işarə edir) burada yüksək pafosla danışır, o da orada gülür”, hakim Vəliyev qeyd edib.

Yeri gəlmişkən, hakimin özü bu iradı gülümsəyərək edib və bu zaman onun yaxınlığında postda dayanan əsgər saqqız çeynəyirdi.

Bayram Məmmədov isə “gülə-gülə yola veririk”, ironiya ilə deyib.

NİDA fəalı heykəli yazmasının digər səbəbi kimi bildirib ki, “müxalifət şox sakit idi, aranı qarışdırmaq lazım idi”.

“Bir katalizator lazım idi və bu da effektini verdi”…

Hakim onun çıxışını dayandırıb və intizama dəvət edib.

“Elə bil Zevsin heykəlini yazmışam, kahinlərin əlinə düşmüşəm”, NİDA fıalı hakimə etirazını bildirib.

Məmmədov sərbəst çıxşının narkotiklə bağlı hissəsində deyib ki, onu Sabunçu rayonunda 7-8 nəfər mülki geyimli şəxs saxlayıb.

“Məni ağ rəgli cip-ə oturtdular və başladılar döyməyə. 1 saat yarımdan çox Sabunçu rayon Polis İdarəsində, sonra Bakı şəhər Baş Polis İdarəsində döydülər, daha sonra isə Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində “MTN-şiklər” döydülər. Əllərimi stola bağlayıb döyürdülər. Valideynlərim burada olduğundan işgəncələrlə bağlı detallı danışmıram. Elə işgəncə halları tətbiq edirdilər ki, nəinki narkotik, terrorçu, adam öldürmə ittihamlarını da qəbul etmək mümkün idi. Məsələn, elektrik, ikinci mərtəbədən atmaq istəyi, dubinka və sairə… Şükürlər ki, sağam, dözdüm”, o qeyd edib.

Məmmədov işgəncə altında verdiyi ifadələri qəbul etmədiyini deyib.

“Yalnız öz vəkilim vasitəsi ilə verdiyim ifadələri qəbul edirəm”, o qeyd edib.

NİDA fəalı narkotiki Bakı şəhər Baş Polis İdarəsində cibinə qoyduqlarını deyib.

“Əllərimi arxadan stola bağlamışdırlar. Saatlarla döymüşdülər. Burnumdan qan axırdı, paltarım cırıq-cırıq idi. Onların bəzisi deyirdi, biz nə edək? Narkotiki Bakı Baş Polis İdarəsində cibimə qoydular. Əvvəlcə malı (narkotiki) tapa bilmirdilər. Biri dedi ki, onun Pirşağıda tanışı var. Oradan gətirdilər. Sonra evimizə apardılar və əllərindəki salofandakı narkotiki komputerimin arxasından götürdüklərini dedilər”, Məmmədov qeyd edib.

Dövlət ittihamında deyilir ki, Bayram Məmmədov narkotiki saxlanmamışdan 5-6 ay əvvəl tanımadığı bir İran vətəndaşından satış məqsədi ilə alıb. Amma, məhkəmədə elan edilmiş ittiham aktında Məmmədovdan götürülmüş 1 kiloqram 152 qramdan çox heroinin haradan gətirildiyi, sərhəddən necə keçirildiyi, Məmmədovun narkotiki kimlərə satacağı ilə bağlı nüansların cavabı yoxdur.

Dövlət ittihamçısı Ramin Nağdəliyev istintaq zamanı işgəncə faktlarının olmasəının təsdiq edilmədiyini bildirib.

Bu zaman Bayram Məmmədov qolunu açaraq qançır izlərini məhkəmə heyətinə nümayiş etdirib.

“Ombudsman aparatının əməkdaşları gəlib işgəncə izləri olan sifətimin fotosunu çəkir, sonra işgəncə olmadığını deyir. Bundan sonra, BMT-nin nümayəndələri gəlib məni görür, işgəncə faktını təsdiq edir”, o qeyd edib.

Vəkil Elçin Sadıqov bildirib ki, Bayram Məmmədov gündüz saat 15 radələrində saxlanıb, lakin tutulma protokolu saat 23.30-da tərtib edilib.

“Bu səkkiz saat yarım ərzində mənin əllərimi stola bağlayıb döyürdülər”, NİDA fəalı deyib.

Şahidlər Bakı şəhər Baş Polis İdarəsinin narkotiklərə qarşı mübarizə şöbəsinin əməkdaşları Məmmədova qarşı hər hansı işgəncə və təzyiq halının olmadığını bildirib.

“Bayram Məmmədov əməliyyat məlumatları əsasında saxlanılıb. O özü şalvarının cibindən narkotikə oxşar maddəni çıxarıb polisə təqdim edib və narkotikin bir hissəsinin evdə olduğunu deyib. Evinə baxış zamanı özü komputerinin arxasından narkotikə oxşayan maddəni çıxarıb təqdim edib”, şahid qismində məhkməyə ifadə verən Bakı şəhər Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili Şirəli Babayev bildirib.

Hal şahidləri Bayram Məmmədovun tutulması zamanı onu görmədiklərini, yalnız Bakı Baş Polis İdarəsində hal şahidliyi etdiklərini deyib. Vəkil hal şahidlərindən birinin 2014-cü ildə eyni ittiham üzrə Nərimanov rayon Məhkəməsində hal şahidliyi etdiyini hakimin diqqətinə çatdırıb.

Məhkəmə iclasında hakim dəfələrlə Bayram Məmmədova xəbərdarlıq edib və onun iştirakı olmadan məhkmənin keçirilə biləcəyini deyib.

Bayram Məmmədov isə hakimin şahidlərin tərəfini tutduğunu onun diqqətinə çatdırıb,

Belə ki, hakim şahidlərə və hal şahidlərinə tez-tez, -“ə… nə gözləyirsən, yadındandır “hə” de, yadında deyil “yox” de”, deyərək müraciət edirdi.

Məhkəmə prosesi noyabrın 24-ü saat 14.30-dək təxirə salınıb.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-u saxlanılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bayram Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Qiyas İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Mayın 12-də Xətai Rayon Məhkəməsi onlar barəsində həbs qəti imkan tədbiri seçib.

Qiyas İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədr hakim Ənvər Seyidov) hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Show comments

XS
SM
MD
LG