Accessibility links

Müdafiə nazirliyi: Ermənistana məxsus pilotsuz uçuş aparatı vurulub


Pilotsuz uçan aparat (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)

Pilotsuz uçan aparat (Foto Azərbaycan Müdafiə Nazirliyinindir)

Azərbaycan tərəfi uşuş aparatını atəşlə vurduğunu bildirir

Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələr mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) aşkar olunaraq atəşlə vurulub.

Ermənistan müdafiə nazirliyi hələlik açıqlama yaymayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlər keçirir. Təlimlər noyabrın 18-dək davam edəcək.

Son günlər cəbhə xəttində gərginlyin artması ilə bağlı tərəflərin bəyanatları artıb. Hər iki tərəf iri çaplı silahlardan atəşkəsin pozulduğu barədə məlumatlar yayır.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Rusiya prezidentinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin iki görüşünü (Vyana və Sankt-Peterburq görüşü) təşkil edib.

Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri dəfələrlə cəbhədəki hazırki status-kvonun qəbuledilməz olduğunu bəyan edib. Bununla yanaşı, münaqişənin sülh yolu ilə nizamlanmasl ilə bağlı aparılan danışıqlarda irəliləyişlər hələ qeydə alınmayıb.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona bu ilin oktyabrında səfərindən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan tərəfinin status-kvonu dəyişməyə hazır olmadığını bəyan edib. Ermənistan xarici işlər naziri isə Azərbaycan tərəfinin yalnız ərazi bütövlüyü prinsipi üzərində israr etdiyini bildirib.

Bununla yanaşı, Azərbaycan prezidentinin Dağlıq Qarabağa Muxtar Respublika statusu veriləcəyi ehtimalı ilə bağlı bəyanatı Minsk qrupu həmsdərləri tərəfindən müsbət qarşılanıb və danışıqlara stimul verəcək yeni element kimi qiymətləndirlib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər beynəlxalq birlik tərəfindən Azərbaycanın suverenliyində tanınan Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu Ermənistanın nəzarətinə keçib.

Show comments

XS
SM
MD
LG