Accessibility links

ANS TV ilə əməkdaşlıq etmiş müxbir ölkədən buraxılmır (Yenilənib)


Qənirə Ataşova
Qənirə Ataşova

ANS barədə materiallar "Hizmet harekatı” cinayət işinə əlavə edilib

ANS TV ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova oktyabrın 27-də Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Azərbaycan Dövlət Sərhəd Xidmətininin əməkdaşları tərəfindən saxlanılıb, ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.

Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində yazıb.

Türkiyədə 2016-ci il iyulun 15-də qarşıdurmadan sonra Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Baş Prokurorluğunun müraciətini, “Televiziya və radio yayımı haqqında” qanununun tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı ildən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Bununla yanaşı, MTRŞ ANS-ə verilmiş 25 oktyabr 2013-cü il tarixli xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsi MTRŞ-in iddiasını təmin edib, ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul edib.

MTRŞ həmçinin ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

Ali Məhkəmə də ANS-in kassasiya şikayətini təmin etməyib.

Məhkəmədə bildirlib ki, telekanalın ABŞ-dakı müxbiri Qənirə Ataşova ilahiyyatçı Fethullah Gülendən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olub. Məktubda qeyd olunub ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilir.

ANS-in prezidenti Vahid Mustafayev isə deyilənləri təkzib edib.

"Fətullah Gülənin mətbuat konfransında 15 müxtəlif ölkələrin müxbirləri ilə birgə İHLAS Ajansı, CNN Türk kanalının reportyorları ilə yanaşı ANS-in jurnalisti də iştirak edib. Mətbuat konfransından video görüntülər iyulun 18-də ANS-ə daxil olub. Lakin, ANS bu repotajın efirə verilməməsi barədə qərar qəbul edib və reportajdan kiçik bir hissə belə efirə verilməyib. Həmin videolar məhkəməyə təqdim edilsə də baxılmayıb”, o qeyd edib.

Elçin Sadıqov yazıb ki, araşdırma zamanı məlum olmub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan 162006055 saylı cinayət işi üzrə Qənirə Ataşovanın "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulub.

Vəkil bildirir ki, Qənirə Ataşova ANS-in ştat üzrə işçisi olmayıb, ANS-lə xidmət müqaviləsi əsasında əməkdaşlıq edib, ANS-in vəzifəli şəxsi olmayıb, heç vaxt terrorçuluğun təbliğinə yönələn heç bir çağırış etməyib.

“Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Eyni zamanda, Baş Prokrorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib.

Jurnalistin öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ölkədən çıxışına məhdudiyyətin qoyulması Avropa İnsan Hüquqları Konvensiyasının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 10-cu maddəsinə ziddir”, vəkil qeyd edib.

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov İstipress.com saaytına bildirib ki, ANS-in vəzifəli və rəhbər şəxsləri barədə cinayət işi açılmayıb və onların ölkəyə giriş-çıxışına heç bir məhdudiyyət yoxdur.

Mais Məmmədov bildirib ki, prokurorluq orqanları ilə bir daha əlaqə saxlanılıb və onlar həqiqətən də ANS-in vəzifəli şəxsləri barədə cinayət işinin olmadığını təsdiqləyiblər.

M.Məmmədov bu mövzuda məlumat yayan mənbələri belə həssas məsələlərdə ehtiyatlı olmağa, hər hansı spekulyasiyaya yol verməməyə çağırıb.

Öz növbəsində, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, lisenziyası ləğv edilmiş ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbərliyinin barəsində Baş Prokurorluqda cinayət işi başlanmayıb. Bununla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlar həqiqətə uyğun deyil.

Eyni zamanda Sultanov deyib ki, ANS şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı Baş Prokurorluqda toplanmış materiallar Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin rəhbərliyi ilə Azərbaycan Respublikasında təhsil müəssisələrində və digər müxtəlif qurumlarda uzun müddət fəaliyyət göstərən “Hizmet harekatı”nın təəssübkeşləri tərəfindən dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd, sosial və dini nifrət, düşmənçiliyin salınmasına yönələn hərəkətlər edilməsi və digər faktlara dair Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinə əlavə edilib.

"Hazırda həmin iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, Sultanov qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG